Songfestival Azerbaijan

Almaniya: İsrail yoxdursa bizdə yoxuq

MƏQALƏNİ PAYLAŞ:

Almaniya kansleri Fridrix Mers bildirib ki, əgər İsrailin Avroviziya 2026 yarışmasında iştirakına icazə verilməzsə, Almaniya da yarışdan çəkilməlidir. O, ARD kanalında yayımlanan “Caren Miosga” proqramında çıxışı zamanı bu məsələyə münasibət bildirərək vurğulayıb ki, İsrailin yarışdan kənarda qalması ədalətsizlik olardı. “Əgər İsrail iştirak etməyəcəksə, mən Almaniyanın da qatılmamasını dəstəkləyərdim. Bu məsələnin ümumiyyətlə müzakirə olunması belə təəssüf doğurur. İsrail Avroviziyaya layiqdir,” – deyə Mers qeyd edib.

Kansler əlavə edib ki, Almaniyanın İsraillə müəyyən siyasi fikir ayrılıqları olsa da, münasibətləri ümumilikdə dostluq ruhundadır. O, həmçinin Qəzza ilə bağlı ABŞ-ın sülh planına toxunaraq, Almaniyanın bölgənin yenidən qurulmasında fəal iştirak edəcəyini vurğulayıb: “Biz orada ac insanların olmamasını təmin etməliyik, yenidənqurma işləri başlamalıdır. Almaniya bu prosesdə ön sırada olacaq və digər Avropa ölkələri ilə birlikdə çalışacaq.”

Mers xatırladıb ki, ötən yay etdiyi çıxışda “İsrail dövlətinin müdafiəsi Almaniyanın dövlət səbəbidir” ifadəsini işlətmişdi və bu fikrinin arxasında durduğunu bir daha təsdiqləyib. Bununla belə, o, iki dövlətli həll ideyasına sadiq qaldığını bildirib: “Hazırkı İsrail hökuməti bu həlli istəmir, amma bu, bizim mövqeyimizi dəyişmir. Biz İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin də tanınmasını dəstəkləyirik.”

Qeyd olunur ki, noyabr ayında keçiriləcək Avropa Yayım Birliyinin (EBU) fövqəladə Baş Assambleyasında İsrailin 2026-cı ildə yarışda iştirak edib-etməyəcəyi məsələsi müzakirəyə çıxarılacaq. Bu qərar həm İsrailin, həm də Almaniyanın gələcək mövqeyini müəyyənləşdirəcək.

Mənbə: rnd.de

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91