“Avroviziya” qalibi DARA İtaliyanın məşhur “Rolling Stone Italia” jurnalına müsahibə verərək yarışma dövrü, pərdəarxası məqamlar və yaşadığı çətinliklər barədə danışıb. Qələbəsinin artıq bir yuxu olmadığını deyən sənətçi, bu zəfərə gedən yolu belə təsvir edib:
“Bu bu gün artıq bir yuxu deyil. Sentyabr ayından bəri, yəni doqquz aydır ki, bunun xəyalını qururdum. Hər gün ‘Avroviziyanı qazanacam’ deyə yazırdım. Bu, kainata göndərilən bir mesaj idi, amma daxilən reallaşacağına tam inanmırdım. Performans, vokal, rəqs, psixoloji sağlamlıq və pəhriz də daxil olmaqla hər detallın üzərində çox çalışdım. Böyük bir hazırlıq prosesi idi. Komandama və birlikdə çalışdığım peşəkarlara tam güvənirdim. Mənim missiyam Bolqarıstanı xəritəyə daxil etmək idi. Tabloda ölkəmin bayrağını birinci sırada görəndə isə ancaq ‘Tanrıya şükür’ deyə bildim. Çünki son ana qədər nə olacağını bilmirdik. Dünyaya ‘Hey, biz bolqarıq, qapınızı döyürük, açın’ deyə bildiyim üçün qürurluyam.”
Müsabiqə ərəfəsində ciddi psixoloji təzyiqlərlə üzləşdiyini etiraf edən DARA, milli seçim turundan sonra ona qarşı böyük bir nifrət dalğasının yarandığını bildirib:
“Əgər ailəm yanımda olmasaydı, bəlkə də Avroviziyaya ümumiyyətlə getməzdim. Xüsusilə Bolqarıstandakı milli seçim turunda qalib gəldikdən sonra mənə qarşı yönələn nifrət dalğasına görə evdən çıxmağa belə qorxurdum. Amma həyat yoldaşım məni ayaqda tutdu. Mənə durmadan ‘Getməlisən, qazanmalısan, bunu etməlisən’ deyərək dəstək oldu. Yanımda belə insanların olmasına görə çox şanslıyam.”
Səsvermə zamanı İsrailin xalları açıqlanarkən zalda yaşanan etiraz və fit səslərinə də toxunan sənətçi, həmin an gərginlikdən heç nə hiss etmədiyini deyib:
“Həmin an bunları düşünməyə və ya fərq etməyə imkanım olmadı. Beynim tamamilə başqa yerdə idi. O həyəcan və qarışıqlıq anında belə şeyləri anlamaq qeyri-mümkündür. Zaldakı reaksiyaları və insanların sevincli videolarını ancaq yarışmadan sonrakı günlərdə, sosial şəbəkələrdə izləyə bildim. Məni etiketləyən o qədər insan var idi ki, hamısına baxmaq çətindir. Qələbədən bəri, təxmin edəcəyiniz kimi, bir saniyə belə boş vaxtım olmayıb.”
Mənbə : “Rolling Stone Italia” jurnalı




