Bəli, Avroviziya bitdi. Səhnə söndü, səsvermə tamamlandı, qalib sevindi… və biz? Biz bir az boş qaldıq. Hər il olduğu kimi.
Əgər sən də mənim kimi son axşam gözlərini ekranın parıltısına dikib, “bəlkə bu dəfə fərqli olar” ümidi ilə nəfəsini tutmuşdunsa… və indi evdə səssiz-səmirsiz, qalın bir pərdə kimi çökmüş səssizliyin içindəsənsə, bil ki, tək deyilsən. Biz çoxuq. Avroviziya sonrası depressiyası – adı belə romantik səslənir, amma can yandırır.
Bu ruh halından çıxmaq üçün özündən başlamalısan. Melody demişkən:
“Kəşf et içindəki Diva işığını”. Bəlkə növbəti ilin divası sən olacaqsan?”
Güzgü qarşısına keç, bir dəfə də özün üçün ifa et. Finalda yoxsan? Problem deyil. Həyatın backstage hissəsində səni gözləyən şou var.
Sonra özünə bir yay playlisti hazırla. Elə playlist olsun ki, ilk notdan ürəyin qızsın. “Fuego” ilə qızın, “Tattoo” ilə duyğulan, “Toy” ilə gül… Bəli, Avroviziya hələ sənin içində çalır.
Və niyə də karaoke gecəsi keçirməyəsən? Mövzu: “Qonşular istəməsə də, mən oxuyacam”. Səsin pis çıxdısa, heç nə olmaz. Onsuz da Avropa bəzən 12 balı ən pis çıxışa verir. Qoy sən də “siyasi səsvermə” ilə qalib olasan!
Əgər ürəyində qalan dram varsa – ki, əminəm var – TikTok-da Eurodramalara bax. Müsabiqə sonrası əsl dram sezonu başlayır.
Və əlbəttə, SONGFESTIVAL bildirişlərini aktiv et.
Çünki əsl Avroviziya fanatı olmaq, yalnız mahnıları bilmək deyil – son dəqiqə xəbərlərini də bilməkdir. Bunu bizə yalnız rəsmi mənbələrdən verir. Bizi yay boyunca “İnstagram” “YouTube” “X” “Teleqram” “TikTok”-dan izləməyi unutmayın.
Sonda isə….
Avroviziya bir musiqi yarışmasından çoxdur. O, bizim içimizdə yaşadığımız xəyaldır, dramdır, emosiyadır, bir az da parıltı. O bitə bilər, amma onu sevənlər – biz, sən, mən – hələ buradayıq.
Qoy səhnə bağlansa da, içindəki şou davam etsin.
Çünki bu dünya bir az da Avroviziya kimidir: gözlənilməz, rəngli və içində azca ürək ağrısı var.