69-cu Avroviziya Mahnı Müsabiqəsi bu il də dünya səviyyəsində böyük maraqla qarşılandı. Üç canlı şoun yayımlandığı 37 ölkədə ümumilikdə 166 milyon nəfər müsabiqəni izləyib ki, bu da ötən illə müqayisədə 3 faizlik artım deməkdir.
Böyük Final isə 47,7 faiz izləmə payı ilə 2004-cü ildən bu yana ən yüksək göstəriciyə imza atdı. Xüsusilə 15-24 yaş arası gənclər arasında izləmə faizi 60,4 ilə yeni bir rekorda çevrildi.
Ümumilikdə 19 ölkədə böyük finalın izləmə faizi 50-dən yuxarı olub. Ən yüksək göstərici İslandiyada qeydə alınıb – 97,8 faiz. Ev sahibi İsveçrədə isə izləmə faizi ötən illə müqayisədə 57 faiz artıb və ortalama 1,1 milyon insan finalı izləyib.
Almaniyada müsabiqə 2016-cı ildən bu yana ən yüksək reytingə çataraq 9,1 milyon nəfər tərəfindən izlənilib. Polşada isə izləyici sayı üç dəfə artaraq 4 milyona yüksəlib. Fransada izləmə faizi 40-a, Finlandiyada isə 90,5 faizə yüksələrək tarixi nəticə göstərib. Yunanıstanda isə müsabiqə 2010-cu ildən bəri ən yüksək izləmə göstəricisini əldə edib – finalı 2,8 milyon tamaşaçı izləyib.
Avroviziyanı ən çox izləyən ölkələr belə sıralanıb:
İslandiya – 97,8%
Finlandiya – 90,5%
İsveç – 89,6%
Norveç – 85,4%
Danimarka və Niderland – 75,1%
İsveçrənin almandilli bölgəsi – 74,2%
Avroviziyada iştirak etməyən ölkələrdən də böyük maraq olub. Onlayn səsvermə vasitəsilə ümumilikdə 146 ölkədən tamaşaçılar iştirak edib. Ən çox səs verən qeyri-iştirakçı ölkələr sırasında ABŞ, Kanada, Rumıniya, Slovakiya, Meksika, Türkiyə, Macarıstan, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika olub.
Müsabiqənin rəsmi YouTube kanalında isə böyük final 12,1 milyon baxış sayı ilə ötən ilə nisbətdə artım göstərib. Yarımfinallar isə müvafiq olaraq 4,4 milyon və 3,4 milyon dəfə izlənilib.
Son illərin ümumi izləyici statistikasına nəzər salaq:
2024 – 166 milyon
2023 – 163 milyon
2022 – 162 milyon
2021 – 183 milyon
2019 – 182 milyon
2018 – 186 milyon
2017 – 182 milyon
2016 – 204 milyon
2015 – 197 milyon
2014 – 195 milyon
MƏNBƏ: EBU