Çexiyanın Avroviziyada rəsmi yayım və iştirak hüququna sahib dövlət kanalı «ČT» bu gün verdiyi bəyanatda ölkənin “Avroviziya 2027”-də iştirak etməyəcəyini elan edib.
Kanal buna səbəb kimi maliyyə problemlərini göstərib. Aylar öncə Çexiyada seçkilər keçirilmiş və hakimiyyətə gələn yeni hökumət bütün dövlət strukturlarına, eləcə də televiziyaya ayrılan büdcənin azaldılacağını təsdiqləmişdi. Bunun nəticəsində, «ČT»-yə 2027 üçün ayrılan büdcənin də 1/3-ə qədər azaldılacağı bildirilmişdi.
«ČT» onu da bildirib ki, qərar “Avroviziya” Mahnı Müsabiqəsinin 2027-ci il buraxılışına şamil olunur.
“Biz müsabiqənin hər buraxılışını ayrıca qiymətləndiririk. Buna görə də hazırda Çexiya Televiziyasının Avroviziya Mahnı Müsabiqəsinə nə vaxt qayıdacağı ilə bağlı fərziyyə yürütmək istəmirik.”
Bundan əlavə, kanal verdiyi bəyanatda “Avroviziya 2027”-ni rəsmi yayımlamaq üçün yayım lisenziyasını da satın almayacağını, yerli fanların müsabiqəyə Avroviziyanın rəsmi “Youtube” kanalında baxaraq, favoritlərinə “Rest of the World”, yəni dünya səsverməsi adı altında Avroviziya saytından və ya applikasiyasından səs verə biləcəklərini qeyd edib.
Son dəfə ötən il müsabiqəyə qatılan Çexiya Daniel Žižka tərəfindən “CROSSROADS” adlı mahnı ilə təmsil edilərək finalda 16-cı yerdə qərarlaşmışdı.




