Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən və ölkəmizə yarışmadakı ilk və hələlik yeganə qələbəni qazandıran Eldar Qasımov və Nigar Camal MTV Azərbaycanın yeni “Do-Lab” layihəsinin qonağı olublar. Zəhra Bədəlbəylinin aparıcılığı ilə yayımlanan verilişdə sənətçilər “Avroviziya” ilə bağlı bir çox maraqlı və pərdəarxası məqamlardan söz açıblar.
Nigar Camal xüsusilə son illərdə Azərbaycanın müsabiqədə uğursuz nəticələr əldə etməsinə münasibət bildirərək, builki təşkilatçılıq və nümayəndə heyətinin fəaliyyəti barədə olduqca sərt və tənqidi fikirlərini bölüşüb. Son müsabiqədəki çıxışlara və komanda işinə toxunan müğənni, bu dəfəki heyəti kəskin şəkildə qınayaraq, ümumiyyətlə bütün “Avroviziya” tarixləri ərzində ən pisi, ən zəifi və ən qeyri-peşəkar komandanın məhz son illərdə işlədiyini bəyan edib.
Nigar Camalın bu kəskin çıxışı studiyada həm gülüşə, həm də gərgin müzakirələrə səbəb olub. Verilişin aparıcısı Zəhra Bədəlbəyli Eldar Qasımovun son vaxtlar layihələrdə yer almasına eyham vuraraq, “Axır vaxtlar Eldarın da orada əslində işi olmuşdu” deyə zarafatla reaksiya verib.
Eldar Qasımov isə məsələyə daha diplomatik yanaşdığını vurğulayaraq, bir komanda işləyəndə və nəticə gözlənilən qədər yaxşı olmayanda dərhal onları qınamağın əleyhinə olduğunu bildirib. Onun fikrincə, mövcud heyəti qınamaq yerinə onları inkişaf etdirmək, öyrətmək və təcrübə qazandırmaq lazımdır.
Lakin Eldarın bu mülayim yanaşması Nigar Camal tərəfindən birmənalı qarşılanmayıb. Nigar Camal “Əgər insanın başı çıxmırsa, nə inkişaf eləməkdən söhbət gedə bilər? Nəyi öyrətməyə, öyrətməyə vaxt var?” deyərək, belə böyük və məsuliyyətli platformaya qatılan şəxslərin gəlmədən öncə professional olmalı olduqlarını müdafiə edib.
Eldar Qasımov isə cavabında bu prosesə daha öncədən başlamağın önəmini qeyd edərək, əgər bu öyrətmək və kadr yetişdirmək işinə 10-15 il bundan əvvəl başlanılsaydı, bu gün artıq Azərbaycanın özünə məxsus tam peşəkar komandasının formalaşacağını diqqətə çatdırıb. Sənətçilərin “Avroviziya” ilə bağlı səsləndirdiyi bu səmimi və bir o qədər də qalmaqallı fikirlər sosial şəbəkələrdə böyük rezonans doğurub.




