Songfestival Azerbaijan

Murad Arif: “Avroviziyada uğursuzluğa görə siyasi səbəblər və bəhanələr axtarmaq yanlışdır”

MƏQALƏNİ PAYLAŞ:

Bəstəkar-müğənni Murad Arif “Haqqın.az” informasiya portalına verdiyi müsahibədə Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki gedişatını, son illərdə qeydə alınan uğursuz nəticələrin səbəblərini və yerli musiqi sektorunun mövcud vəziyyətini təhlil edib.

İfaçı bildirib ki, hazırda ölkəmiz üçün əsas problem xalq və münsif səsverməsinə əsaslanan açıq milli seçim turlarının keçirilməməsidir. İtaliyadakı “Sanremo” və İsveçdəki “Melodifestivalen” layihələrini nümunə gətirən Murad Arif, bu tipli festivalların yerli bəstəkarları və ifaçıları stimullaşdıracaq, onları müsabiqə formatına uyğun işlər görməyə sövq edəcək vacib bir mexanizm olduğunu qeyd edib. Onun fikrincə, illərdir tətbiq olunan qapalı mahnı seçimləri şəffaflıq yaratmır və yerli musiqi sənayesinin inkişafına müsbət təsir göstərə bilmir.

Müsabiqə üçün təqdim olunan mahnıların keyfiyyətinə toxunan sənətçi, qapalı sistemin yerli müəllifləri qeyri-müəyyənliklə baş-başa qoyduğunu diqqətə çatdırıb. O bildirib ki, yerli bəstəkarlar mahnı yazarkən ifaçının kimliyindən, onun səs tembrindən (bariton, soprano, tenor), üslubundan (caz, rok, pop), səhnə performansından və xoreoqrafik imkanlarından xəbərsiz olurlar. Bu məlumatların gizli saxlanılması isə müəlliflərin konkret bir ifaçı üçün uğurlu və rəqabətədavamlı hit mahnı hazırlamasını çətinləşdirir.

Müsahibədə son illərdəki uğursuzluqların geosiyasi amillərlə əlaqələndirilməsi fonunda yaranan fikirlərə də münasibət bildirilib. Murad Arif ölkəmizin siyasi səbəblərdən irəli çəkilmədiyi barədə iddiaları qəbul etməyərək, bu cür bəhanələrin arxasında gizlənməyin yanlış olduğunu vurğulayıb. O, müxtəlif illərdə böyük siyasi təzyiqlərlə üzləşən Rusiya və İsrail nümayəndələrinin güclü mahnılarla finala vəsiqə qazandığını, hətta ilk üçlükdə qərarlaşdığını xatırladıb. Eyni zamanda, Avropanın Ermənistana birtərəfli dəstəyi ilə bağlı iddialara toxunaraq, Ermənistanın final mərhələsinə keçə bilmədiyi illəri nümunə göstərib və əsas hədəfin bəhanə axtarmaq deyil, doğru hit mahnını tapmaq olduğunu bildirib.

Azərbaycanın müsabiqəyə qoşulduğu ilk illərdə qapalı seçimlərə baxmayaraq ilk beşlikdə qərarlaşması məsələsinə aydınlıq gətirən sənətçi, həmin dövrdəki strateji yanaşmanın pərdəarxasını açıqlayıb. O qeyd edib ki, əvvəlki illərdə favorit olmaq əsas hədəf idi və bu məqsədlə işi bilən avropalı mütəxəssislərə, eləcə də genişmiqyaslı promo-kampaniyalara böyük maliyyə vəsaitləri ayrılırdı. Lakin bu yanaşmanın ölkə daxilində musiqi sektoru formalaşdırmadığını deyən bəstəkar, “Drip-Drop” və ya “Running Scared” kimi tamamilə əcnəbi müəlliflərə məxsus layihələrin Azərbaycan musiqisini təmsil etmədiyini vurğulayıb. Bu üsulu perspektivsiz bir həll forması adlandıran sənətçi, həmin dövrdə yerli bəstəkar, xoreoqraf və prodüser komandalarının formalaşdırılmamasının nəticələrinin bu gün göz qarşısında olduğunu bildirib.

Müsahibəsinin sonunda bəstəkar yaranmış durğunluqdan çıxmaq üçün hələ də imkanların olduğunu ifadə edib. O, reytinqli beynəlxalq layihələrin öhdəsindən gələn İctimai Televiziyanın (İTV) gələn il ölkədə şəffaf bir açıq mahnı seçimləri festivalı təşkil edəcəyinə inandığını bildirib. Murad Arif bu addımın həm yerli, həm də xarici “Avroviziya” fanatlarının gözləntilərini doğruldacağını və yerli musiqi sənayesinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Mənbə: Haqqın.az

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97