LGBT+ təşkilatları İsrailin Avroviziya Mahnı Müsabiqəsindən çıxarılması üçün imza kampaniyası başladıb. Onların fikrincə, Qəzzada insanlar aclıq və ağır şəraitlə mübarizə apararkən İsraili Avroviziyada saxlamaq “soyqırım nizamına ortaq olmaq” deməkdir.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən LGBT+ təşkilatlarının imzaladığı bəyanatda Avropa Yayım Birliyinin (AYB) İsraili müsabiqədə saxlama qərarı tənqid olunub.
Bəyanatda qeyd edilir ki, Avropa Yayım Birliyi Rusiyanı Ukraynanı beynəlxalq hüquqa zidd şəkildə işğal etməsindən qısa müddət sonra Avroviziya müsabiqəsindən uzaqlaşdırmışdı. Lakin eyni qurum hazırda sionist və soyqırımçı kimi xarakterizə edilən İsrailin yarışmada qalması üçün mübarizəni davam etdirir.
Açıqlamada həmçinin bildirilir ki, AYB-nin bu mövzuda seçici yanaşması təsadüfi deyil və irqçi xarakter daşıyır. Onların fikrincə, ukraynalıların yaşadığı əziyyət tez qəbul edilir və təcili sayılır, çünki bu vəziyyət Avropanın “ağ üstünlüyü” imicinə uyğun gəlir. Buna qarşılıq olaraq isə fələstinlilərin yaşadığı əzab görünməz edilir, inkar olunur və siyasətdən uzaqlaşdırılır.
Xatırladırıq ki, bu il Vyanada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində İsraili Noam Bettan “Michelle” adlı mahnısı ilə təmsil edəcək.




