Son illərdə təmsilçisini “Eurosong” adlı Milli Seçim Turu ilə seçən İrlandiya bu il də eyniadlı şouya müraciət etdi. 5 iştirakçının mübarizə apardığı seçim turunda “Laika Party” adlı mahnı ilə Emmi ölkəni təmsil etməyə haqq qazandı.
Mahnı haqqında belə bir maraqlı fakt var ki, mahnıda keçmiş SSRİ-nin ilk dəfə kosmosa göndərdiyi canlılardan olan “Layka” adlı itdən bəhs edir və onun hələ də “sağ olduğunu və hər gecə ulduzların arasında rəqs etdiyi”-ni deyir.
Emmiyə gəldikdə isə əsl adı Emmy Kristine Guttulsrud Kristiansen olan sənətçi 2000-ci ildə Norveçdə anadan olmuşdur. 2015-ci ildən böyük səhnələrə çıxmışdır. Belə ki, 2015-ci ildə gənc müğənnilərin qatıldığı “Junior Melodi Gran Prix”-ə “Aiaiaiai” adlı mahnı ilə qatılmışdır, hansı ki, bu yarışmaya 2011ci ildə onun böyük qardaşı da qatılmışdı.
2021-ci ildə isə Norveçi “Avroviziya 2021”-də təmsil etmək üçün Norveç Milli Seçim Turu “Norsk Melodi Gran Prix”-ə qatılan Emmi “Witch Woods” mahnısı ilə 3-cü yarım finaldan finala yüksəlsə də, super finala qala bilməmişdir.
Bundan əlavə, Emmi “Norsk Melodi Gran Prix 2024”-də bəstəkar kimi mahnı göndərmiş, “Avroviziya 2024”-də Norveçin professional münsif heyətinin tərkibində olmuşdur. Eyni zamanda o, Latviya Seçim Turu “Supernova 2025” üçüncüsü Citi Zeni qrupunun “Ramtai” mahnısının müəllifidir.
Sənətçi öz mahnısı “Laika Party”-ni “Norsk Melodi Gran Prix 2025”-ə göndərsə də mahnı qəbul edilməmiş, nəticədə İrlandiyaya gedərək oranı təmsil etmək hüququ qazanmışdır. Emminin ifa etdiyi janrlara gəldikdə isə buraya pop, dance-pop, electropop daxildir. Emmy-nin musiqi karyerasından əlavə, o, aktiv şəkildə “Tiktok” istifadəçisidir və mütəmadi olaraq yeni kontent yaradır və platformada 1 milyondan çox izləyicisi var.