“Real FM” radiosunda Kazım Sübhanın təqdimatında yayımlanan “Evə qayıdanlar klubu” verilişinin qonağı olan ifaçı Mehin Hümbətova, Azərbaycanın “Avroviziya” seçim turları ilə bağlı pərdəarxası məqamları açıqlayıb.
İfaçı bildirib ki, builki seçim turlarına qatılması onun şəxsi müraciəti deyil, məhz müsabiqənin idarə heyəti sədrinin istəyi ilə ona edilən rəsmi zəngin nəticəsidir. Təşkilatçıların “bizə səhnə işığı olan, vokal imkanları güclü, səhnəyə yaraşan bir xanım ifaçı lazımdır və ağlımızda sən varsan” dediklərini vurğulayan Mehin, məhz bu dəvətdən sonra mahnılarını təqdim etdiyini qeyd edib.
Lakin prosesin gedişatını “qeyri-peşəkarlıq” kimi qiymətləndirən sənətçi, ona ümid verildikdən sonra tamamilə fərqli bir istiqamətin seçilməsindən ciddi narazılığını ifadə edərək, sözü bir, əməli başqa olanlarla işləməyin çətinliyini diqqətə çatdırıb. “Bu qədər cılızlaşmaq olmaz” deyərək beynəlxalq miqyaslı bir layihənin daxili idarəçiliyinin zəifliyini tənqid edən ifaçı, sənətçiyə qarşı belə yanaşmanın həm vaxt itkisi, həm də hörmətsizlik olduğunu bildirib.
Builki təmsilçimiz Cəmilə Haşımovanın (JİVA) peşəkarlığına və maraqlı səs tembrinə hörmətlə yanaşdığını deyən Mehin, mahnı seçimini isə kəskin tənqid edərək builki mahnımızın zəif olduğunu və uğur qazanmaq potensialının olmadığını vurğulayıb.
Onun fikrincə, əgər bu mahnı seçilibsə, deməli, bu, kiminsə şəxsi zövqüdür, lakin həmin zövq Azərbaycanın beynəlxalq arenadakı uğuruna xidmət etmir. Mahnının dinamikadan uzaq olduğunu və şou göstərmək üçün əlverişli olmadığını deyən ifaçı, bu bəstə ilə yüksək nəticə gözləməyin çətin olduğunu, ən yaxşı halda ilk onluğa düşməyimizin böyük uğur sayılacağını qeyd edib.
Gələcək planlarına toxunan Mehin Hümbətova artıq hər hansı bir seçim mərhələsində iştirak etmək niyyətində olmadığını və bir sənətçi kimi ölkəsini təmsil etməyə hər zaman hazır olsa da, bundan sonra təşkilatçıların onun qapısını yalnız hazır müqavilə ilə döyməli olduqlarını bildirib.
Seçim prosesindəki qeyri-şəffaf yanaşma tərzi sənətçidə böyük məyusluq yaratsa da, o, bu açıqlamaları ilə musiqi ictimaiyyətinin diqqətini mövcud problemlərə yönəltmiş olub.




