Songfestival Azerbaijan

Bir Diva Cəsurdur: Melody açıqlamalar verib

İspaniya təmsilçisi Melody bu gün ölkənin dövlət kanalı RTVE ilə keçirdiyi mətbuat konfransında Avroviziya ilə bağlı bir sıra açıqlamalar verib. O, Bazeldəki çıxışından qürur duyduğunu bildirib.

“Tamaşaçılara bir neçə söz borcluyam. Ağır və çətin bir performansı izləmək insanı duyğulandırır. Çünki orada yalnız yer və kostyum dəyişmirsiniz – bu, mahnı oxuyarkən hər şeyi daha da çətinləşdirir. Etmək istədiyim işi görə bildiyim üçün çox qürurluyam. Avroviziya, sadəcə o bir neçə dəqiqəlik çıxış deyil – bu, günlərlə, saatlarla davam edən sıx bir hazırlıq prosesidir. Amma nəticədə üzümə yalnız bir təbəssüm qonur.”


Sənətçi çıxışının ardınca səhnə tərtibatı və qərarların onun nəzarətində olmaması ilə bağlı da fikirlərini bölüşüb:

“Bu an sənətçi kimi danışıram. Digər məsələlərlə bağlı fikirlərə toxunmayacağam, çünki hər kəsin artıq bir düşüncəsi var və bu mənim sahəm deyil. Öz performansımdan razıyam, əlbəttə ki, hər zaman daha yaxşısı mümkündür. Düşünürəm ki, səhnə çıxışım pis deyildi, amma daha təsirli ola bilərdi. Benidorm Festivalında qalib gəldiyim andan etibarən qərarlar RTVE-yə keçdi və onlar öz bildiklərini etdilər. Əgər bu mənim ixtiyarımda olsaydı, daha güclü və effektli bir səhnə qurardım. Bu prosesdə ən az xoşuma gələn şey özüm ola bilməməyim və bütün bacarıqlarımı göstərə bilməməyim idi – çünki buna imkan verilmədi.”



Melody eyni zamanda onun haqqında yayılan əsassız şayiələrə də münasibət bildirib:

“Guya kulisdən birini qovmuşam, yaxud həyat yoldaşımla problem yaşamışam. Bunlar tamamilə yalandır. Əksinə, aramızda hər zamankından daha güclü bir bağ var. Bu cür şayiələrin yayılmasını doğru hesab etmirəm. Hər şey yalnız reytinq və pul naminə edilməməlidir. Sənətçiyə hörmət göstərilməlidir.”


O, həmçinin şəxsi həyatına qısa fasilə verməsinin səbəblərini də açıqlayıb:

“Avroviziya bitmədən əvvəl bir neçə gün istirahətə ehtiyacım olduğunu demişdim, çünki doğrudan da çox yorğun idim. Oğlumu görməyə və ailəmlə vaxt keçirməyə ehtiyacım vardı. Bu yarışma yalnız bir gecəlik deyil – aylarla davam edən yorucu bir proses idi. Mən də hər şeyi bir kənara qoyub, buna önəm verdim. Çünki İspaniyaya söz vermişdim: əlimdən gələni edəcəyəm və tam potensialımla orada olacağam. Bu il San Isidro Festivalı keçirilmədiyi üçün bir neçə gün evə dönmək istədiyimi bildirdim, çünki enerjimi bərpa etməliydim.”


Melody ictimai reaksiyaların bəzilərinə də təəssüf etdiyini gizlətməyib:

“Heç bir açıqlama verməməyimə baxmayaraq, vəziyyət ajiotaja çevrildi, çox sayda spekulyasiyalar yayıldı. Qadınların ailə və iş həyatını necə balanslaşdırdığı barədə çox danışılır, amma mənim bir neçə gün uşağımla olmaq istəməyim başa düşülmədi – bu, məni doğrudan da təəccübləndirdi.”


O, ona qarşı yönəlmiş tənqidlərə də cavab verib və ruh sağlamlığından bəhs edib:

“Bəzi həmkarlarım çıxışımla bağlı aşağılayıcı fikirlər səsləndirdilər – bu, məni incitdi. Amma hər şeydən əvvəl insanın ruh sağlamlığı gəlir. Bəzi televiziya proqramları mənim zamana ehtiyacım olduğunu və övladımı görmək istədiyimi lağ mövzusuna çevirdilər. Onların bu ikiüzlü yanaşmalarını və mənimlə məsxərə etmələrini düzgün saymıram. Evdə pərdələri örtüb zehni sabitliyimi bərpa etməyə çalışdığım üçün belə mənimlə lağ etdilər. Halbuki hər birimiz öz kiçik yükümüzlə mübarizə aparırıq və bu, hörmət olunmalı bir şeydir. Heç kəsin əldə etdiyi nəticə ilə məsxərə edilməməlidir.”

MƏNBƏ: ESCPLUS.ES