İsveçrənin məşhur Kran-Montana dağ-xizək mərkəzindəki barda Yeni il gecəsi baş verən yanğın hadisəsindən sonra “Avroviziya” təşkilatçıları təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıblar. Sözügedən hadisə kütləvi tədbirlərdə asan alovlanan materialların yarada biləcəyi fəsadları yenidən gündəmə gətirib.
Bu bədbəxt hadisədən sonra “Wiener Stadthalle” arenasındakı “Avroviziya” müsabiqəsi üçün tamaşaçıların gətirəcəyi bayraqlarla bağlı tamamilə yeni və sərt qaydalar tətbiq edilib. Artıq arenaya yalnız Avstriyanın yanğın təhlükəsizliyi standartlarına uyğun gələn və rəsmi yanmazlıq sertifikatına malik bayraqların keçirilməsinə icazə veriləcək.
Ziyarətçilər girişdə ÖNORM B 3822:2010-06-15 / DIN EN 13501-1 standartına uyğun sertifikatı mütləq şəkildə təqdim etməlidirlər.
Yeni qaydalar yarımfinallar və final daxil olmaqla ümumilikdə doqquz şounu əhatə edir. Məqsəd tədbir məkanında mümkün yanğın risklərini minimuma endirməkdir. Təşkilatçılar tamaşaçılara hər hansı problemlə qarşılaşmamaq üçün bayraqları rəsmi “Avroviziya” mağazasından öncədən sifariş etməyi tövsiyə edirlər. Əks halda, tədbir keçirilən ərazidə yalnız məhdud sayda sertifikatlı bayraq satışda olacaq.
Davamlılıq və ekoloji məsuliyyət çərçivəsində satılan bayraqların yerli olaraq Vyanada istehsal edildiyi də vurğulanıb. Bundan əlavə, təşkilat komitəsi bu il də Fələstin, Kosova və Tayvan bayraqlarının müsabiqə arenasına gətirilməsinə rəsmən icazə veriləcəyini açıqlayıb.




