Songfestival Azerbaijan

Felicia “My System” mahnısı ilə İsveçi Avroviziyada təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

İsveçdə aylardır davam edən və Avropanın ən böyük milli seçim turları sayılan “Melodifestivalen 2026” final gecəsi ilə yekunlaşdı.

Stokholmun “Strawberry Arena”sında baş tutan gərgin mübarizədə Felicia “My System” mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq builki müsabiqənin qalibi adını qazandı.

Səsvermə prosesi beynəlxalq münsiflər və İsveç xalqının səsverməsi əsasında 50/50 nisbətində müəyyən edilib. Səsvermənin ilk mərhələsində 8 ölkədən olan beynəlxalq münsiflər heyəti Felicianın performansını yüksək qiymətləndirərək ona 71 xal veriblər.

Finalın həlledici anında isə xalq səsverməsinin nəticələri açıqlandı və Felicia tamaşaçılardan 90 xal alaraq ümumi 161 xalla birinci yerə yüksəldi. Onun ən yaxın rəqibləri Greczula (134 xal) və Medina (132 xal) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Keçmişdə “Fröken Snusk” ləqəbi ilə tanınan və üzünü maska ilə gizlədən 24 yaşlı ifaçı, bu qələbə ilə karyerasında yeni bir səhifə açdı. Norveçli ulduz Julie Bergan və Audun Agnar kimi tanınmış prodüserlərin ərsəyə gətirdiyi “My System” mahnısı, EDM və popun sintezi olan enerjili soundu ilə həm münsifləri, həm də xalqı heyran qoymağı bacardı.

Bu qələbə ilə Felicia İsveçi Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ qazandı. Yarışmanın favoriti hesab olunan “My System”, beynəlxalq arenada da İsveçə 8-ci rekord qələbəni gətirə biləcək ən güclü namizədlərdən biri kimi qiymətləndirilir.

https://www.svtplay.se/video/K5dYakN
Əli Hüseyn
Əli Hüseyn
Articles: 76