San Marinonun “Avroviziya 2026” təmsilçisini müəyyən edən “Una Voce per San Marino” müsabiqəsi builki nəticəsi ilə musiqi dünyasında böyük səs-küyə səbəb olub.
Müsabiqənin final gecəsində dünya şöhrətli pop ifaçısı Boy George və “Avroviziya” səhnəsinin təcrübəli siması Senhit dueti “Superstar” mahnısı ilə birincilik qazanaraq Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində ölkəni təmsil etmək hüququ əldə ediblər.
21 iştirakçının mübarizə apardığı finalda bu duet Kelly Joyce və Paolo Belli kimi güclü rəqiblərini geridə qoyaraq turnir cədvəlinin zirvəsinə yüksəlib.
Müasir pop elementlərini 80-ci illərin retro-disko ritmləri ilə uğurla birləşdirən bu mahnı, həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanaraq təmsil etmə hüququ qazanıb.
Daha əvvəl San Marinonu 2011, 2020 və 2021-ci illərdə təmsil etmiş və Flo Rida ilə etdiyi “Adrenalina” dueti ilə yadda qalan Eritreya əsilli italyan müğənnisi Senhit, bu dəfə “Culture Club” qrupunun əfsanəvi solisti Boy George ilə güclərini birləşdirərək müsabiqənin iddialı iştirakçılarından birinə çevrilib.
“Karma Chameleon” kimi dünya hitlərinin müəllifi olan Boy George-un ilk dəfə “Avroviziya” platformasına qədəm qoyması San Marinonun bu il Vyanada finala çıxmaq və yüksək nəticə göstərmək üçün seçdiyi strateji gediş kimi qiymətləndirilir.
Mahnının ərsəyə gəlməsində “Avroviziya” qalibi olan Thomas Stengaard kimi peşəkarların iştirakı isə San Marinonun bu ilki yarışmaya nə dərəcədə ciddi və iddialı hazırlaşdığını bir daha sübut edir.




