Litvanı Vyanada keçirilən sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Lion Ceccah “Sólo quiero más” adlı mahnısı ilə təmsil edəcək.
Əsl adı Tomas Alenčikas olan müğənni Litva səhnəsinin parlaq gənc ulduzlarındandır. O, Litvanın Avroviziya seçimləri üçün yad biri deyil, belə ki, sənətçi 2019,2020 və 2023-cü illərdə də müxtəlif mahnılarla “Eurovizija.LT”-ya qatılıb. Əsasən, alternativ pop və indie janrlarında ifa edir, bəstəkar karyerası da var.
Lion Ceccah-ın “Sólo quiero más” mahnısı insanın daxilindəki güclü hisslərdən, daha çox sevgi, azadlıq və həyat enerjisi istəməsindən bəhs edir. Mahnının sözləri bir tərəfdən romantik ehtirası, digər tərəfdən isə insanın özünü tapmaq istəyini göstərir; ritm və dramatik səhnə atmosferi isə bu emosiyaları daha da gücləndirir. Alternativ pop üslubunda olan bu mahnı həm qaranlıq, həm də emosional səslənməsi ilə seçilir.
Litva bu il də ənənəsinə sadiq qalaraq, “Eurovizija.LT” müsabiqəsi ilə təmsilçisini müəyyən etdi. 5 heat və 1 finalın ardından 50% münsif və 50% telesəsvermə əsasında 8 namizəd ölkəni “Avroviziya 2026”-da təmsil etmək hüququnu qazanmaq üçün mübarizə aparırdı. Lion Ceccah Akitas, Lolita Zero kimi digər fan favoritlərini ardında qoyaraq qələbəyə nail oldu və ölkəsini təmsil etmək hüququ qazandı.




