“Dora 2026” milli seçim turunun birinci yarımfinalı fevralın 12-də Zaqrebdə, “HRT”-nin “Anton Marti” studiyasında keçirilib.
Gecənin əsas məqsədi, Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Xorvatiyanı təmsil etməyə iddialı olan 24 namizəddən ilk 12-sini sınaqdan keçirmək idi.
Barbara Kolar və Duško Ćurlić kimi təcrübəli simaların aparıcılığı ilə keçən şou həm vizual effektləri, həm də janr rəngarəngliyi ilə diqqət çəkdi.
Səhnəyə çıxan 12 iştirakçı arasında pop-rok, elektron musiqi və klassik balladalar üstünlük təşkil edirdi. Yarımfinalın ən maraqlı dəqiqələrindən biri isə Xorvatiya estradasının ulduzu Danijela Martinović-in xüsusi qonaq qismində çıxış edərək tamaşaçılara nostalji anlar yaşatması oldu.
Nəticələrə gəldikdə, builki qaydalara əsasən yarımfinal mərhələsində münsiflər heyəti iştirak etmədi və finalçıların taleyi tamamilə tamaşaçıların ixtiyarına buraxıldı. 100% sms və zəng nəticəsində ən çox səs toplayan 8 ifaçı bazar günü keçiriləcək böyük finala vəsiqə qazandı.
Finala adlayan adlar isə bu şəkildədir:
Lima Len
Ananda
Ema Bubić
Noelle
Alen Đuras
“Cold Snap”
ToMa
LELEK
Lima Len, Ananda və ToMa kimi favoritlər gözlənildiyi kimi inamlı çıxış nümayiş etdirərək finalçılar sırasına daxil oldular. Xüsusilə “Cold Snap” qrupunun enerjili metal performansı gecəyə fərqli bir rəng qataraq tamaşaçıların rəğbətini qazana bildi.
Bu nəticələrdən sonra bütün diqqətlər bu axşam keçiriləcək ikinci yarımfinala və orada mübarizə aparacaq digər güclü namizədlərə yönəlib.




