İtaliyanın ən nüfuzlu musiqi müsabiqəsi olan əfsanəvi “Sanremo” Festivalı bu il dünya ulduzunun iştirakı ilə yadda qalacaq.
Festivalın prodüseri və aparıcısı Karlo Konti elan edib ki, builki səhnədə ona və tanınmış müğənni Laura Pausiniyə dünya şöhrətli model İrina Şeyk yoldaşlıq edəcək. Konti modeli “dünyanın ən gözəl aparıcılarından biri” kimi təqdim edərək, onun festivala xüsusi rəng qatacağını vurğulayıb.
Bu dəvəti böyük sevinclə qarşılayan İrina Şeyk, 76-cı “Sanremo” Festivalında yer almağın onun üçün bir arzunun gerçəkləşməsi olduğunu bildirib. Model öz təəssüratlarını bölüşərək, Karlo Konti və Laura Pausini kimi simalarla eyni səhnəni paylaşmağın onun üçün böyük şərəf olduğunu qeyd edib və bu fürsətə görə təşkilatçılara təşəkkürünü çatdırıb.
Bu ilki festival Milan Olimpiadası ilə əlaqədar olaraq fevral ayının sonuna təyin edilib və 24-28 fevral tarixlərində keçiriləcək. İrina Şeyk isə məhz fevralın 26-da aparıcı qismində tamaşaçıların qarşısına çıxacaq.
Ulduz modelin həmin gün üçün qrafiki olduqca gərgin görünür; o, səhər saatlarında moda nümayişində, günorta “Gloria Jeans” reklamında iştirak etdikdən sonra axşam möhtəşəm Sanremo səhnəsinə addım atacaq.
Tamaşaçılar bu beynəlxalq musiqi müsabiqəsini və ulduzların çıxışını canlı yayımlarda izləyə biləcəklər.




