Songfestival Azerbaijan

İsrailin “Avroviziya 2026” mahnısı ətrafında sızdırılma qalmaqalı: KAN-dan sərt reaksiya

MƏQALƏNİ PAYLAŞ:

İsrailin builki “Avroviziya” mahnısı rəsmi təqdimatdan əvvəl qeyri-qanuni yollarla sızdırılaraq satışa çıxarılıb ki, bu da ölkənin ictimai yayımçısı KAN korporasiyasının kəskin etirazına səbəb olub. 

Mövzu ilə bağlı təcili bəyanat yayımlayan KAN rəsmiləri bildiriblər ki, mahnının və ya onun hər hansı bir hissəsinin icazəsiz paylaşılması müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır və bu əməli törədənlər dəyən zərərə görə tam hüquqi məsuliyyət daşıyacaqlar. 

Yayımçı korporasiya öz maraqlarını qorumaq üçün bütün zəruri hüquqi addımları atacağını və təzminat tələb edəcəyini qətiyyətlə vurğulayıb.

Digər tərəfdən, korporasiya xəbərdarlıq edir ki, sözügedən mahnı hələ Avropa Yayım Birliyi (EBU) tərəfindən təsdiqlənməyib və bu cür sızmalar İsrailin müsabiqədəki təmsilçiliyinə ciddi zərbə vura bilər.

Mahnının vaxtından əvvəl və icazəsiz yayımlanması həm ifaçının, həm də mahnı müəlliflərinin əməyini heçə endirməklə yanaşı, ölkənin yarışmadakı iştirakı üçün “geri dönüşü olmayan” mənfi fəsadlar yarada bilər.

Qeyd edək ki, builki təmsilçi Noam Bettan tərəfindən ifa ediləcək və ivrit, fransız, ingilis dillərini özündə birləşdirən mahnının rəsmi təqdimatı mart ayının əvvəlinə planlaşdırılırdı.

Mənbə : ESC News

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49