İsveçin milli kanalı “SVT”, ölkənin ən çox izlənilən musiqi müsabiqəsi olan “Melodifestivalen”in formatında etdiyi son dəyişikliklərə görə ciddi tamaşaçı etirazı ilə üzləşib.
Müsabiqənin “ikinci şans” biletinin sahibinin elan olunma qaydası ilə bağlı yaranan bu gərginlik, kanal rəhbərliyini gecə saatlarında təcili qərarlar qəbul etməyə məcbur qoyub. İlkin plana əsasən, “SVT” rəhbərliyi televiziya yayımını erkən bitirməyi və qalibi yalnız “SVT Play” rəqəmsal platforması üzərindən, təxminən 10 dəqiqəlik qısa bir yolla elan etməyi hədəfləyirdi. Lakin dünənki efirdən dərhal sonra həm sosial media istifadəçiləri, həm də media tənqidçiləri bu qərarı kəskin şəkildə pisləyərək, belə bir vacib anın əsas kanaldan kənarlaşdırılmasını izləyicilərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Yaranan kəskin tənqid dalğasından sonra “SVT” rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün xüsusi “anti-böhran” görüşü keçirib və nəticədə rəsmi şəkildə geri addım atıldığını elan edib.
Kanalın verdiyi son qərara əsasən, ikinci şans iştirakçısının elan edilməsi prosesi rəqəmsal platformadan yenidən “SVT1” kanalının əsas canlı efir vaxtına qaytarılıb. Telekanal rəhbərliyi tamaşaçıların narazılığını nəzərə aldıqlarını bildirsə də, bu elanın tam olaraq hansı formatda həyata keçiriləcəyi hələlik dəqiq deyil. Yeni sistemin detalları və yayım planının təfərrüatları barədə gələn həftə daha geniş məlumatın veriləcəyi gözlənilir.




