Songfestival Azerbaijan

Kanada “Avroviziya 2027”-də debüt edəcək.

MƏQALƏNİ PAYLAŞ:

Kanadanın ictimai yayımçısı CBC/Radio-Canada ötən həftə Avropa Yayım Birliyinin tamhüquqlu üzvü olduqdan sonra, bu gün ölkənin 2027-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcəyi elan edilib.

Kanadanın Avroviziyaya qatılacağı xəbəri açıqlanandan sonra CBC/Radio-Canada-nın prezidenti və baş icraçı direktoru Marie-Philippe Bouchard belə deyib:

“Dünyanın ən böyük canlı musiqi tədbirinin qapılarını kanadalı tamaşaçılar üçün açacağımızı elan etməkdən böyük məmnunluq duyuram. Gələn il Bolqarıstanda keçiriləcək Avroviziyada iştirakımız ölkəmizin istedadlarını dünyanın ən əfsanəvi musiqi səhnələrindən birində nümayiş etdirmək imkanı yaradacaq. Kanadalı pərəstişkarlar indiyədək olduğu kimi müsabiqəni izləməyə və səs verməyə davam edəcəklər. Lakin bu dəfə onlar öz ölkələrinin Avroviziya səhnəsində təmsil olunmasının qürurunu da yaşayacaqlar.”

Kanada, 2015-ci ildə Avstraliyanın qatılmasından sonra Avroviziyaya qoşulan ilk yeni ölkə olacaq. Ölkə müsabiqəyə yarımfinal mərhələsindən başlayacaq.

Ölkənin təmsilçisi və mahnısının seçilməsi ilə bağlı təfərrüatların yaxın aylarda açıqlanacağı gözlənilir. Həmçinin bildirilib ki, Kanada Avroviziyada qalib gəldiyi təqdirdə müsabiqəyə ev sahibliyi edəcək.

Kanada AYB-nin 1950-ci ildə yaradılmasından bəri qurumun ortaq üzvlərindən biridir və uzun illər Avroviziyanı yayımlayıb. Yarışmada birbaşa iştirak etməsə də, Céline Dion(İsveçrə🇨🇭 1988), Lara Fabian(Lüksemburq🇱🇺 1988) və La Zarra(Fransa🇫🇷 2023) kimi bir çox kanadalı sənətçi Avroviziya səhnəsində çıxış edib.

Ramin İmanov
Ramin İmanov
Articles: 64