Songfestival Azerbaijan

“Melodifestivalen 2026”: İlk yarımfinalın nəticələri bəlli oldu

MƏQALƏNİ PAYLAŞ:

İsveçdə “Avroviziya 2026” təmsilçisini müəyyən edən “Melodifestivalen” müsabiqəsinin ilk yarımfinalı Linköping şəhərindəki “Saab Arena”da başa çatdı.

Altı iştirakçının mübarizə apardığı gecədə əsas diqqət mərkəzində uzun fasilədən sonra səhnəyə qayıdan “A*Teens” qrupu və gənc ifaçı Greczula idi.

Səsvermənin nəticələrinə əsasən, Greczula “Half of Me” mahnısı ilə ilk turda ən çox səsi toplayaraq birbaşa finala vəsiqə qazanan ilk iştirakçı oldu. İkinci tur səsverməsində isə “A*Teens” qrupu “Iconic” mahnısı ilə tamaşaçıların rəğbətini qazanaraq Stokholmdakı böyük finala adını yazdırdı.

Müsabiqənin iddialı iştirakçılarından olan Jacqline isə “Woman” mahnısı ilə üçüncülüklə kifayətlənərək, mübarizəni fevralın sonunda keçiriləcək son şans mərhələsində davam etdirmək hüququ əldə etdi.

Digər üç iştirakçı – Indra, Noll2 və Junior Lerin səsvermədə son sıralarda qaldıqları üçün müsabiqə ilə vidalaşmalı oldular. Gina Dirawi və Hampus Nessvoldun aparıcılığı ilə keçən şouda səsvermə yenə ənənəvi yaş qrupları sistemi ilə aparıldı.

Bu nəticələrlə Melodifestivalen 2026-nın ilk finalçıları bəlli oldu və marafon gələn şənbə Qotenburqda keçiriləcək ikinci yarımfinal ilə davam edəcək. Yarışmanın ümumi təqviminə əsasən, hər həftə iki nəfər finala, bir nəfər isə kvalifikasiya mərhələsinə keçməyə davam edəcək.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49