İsraili Avroviziya 2025-də təmsil edən və müsabiqəni ikinci pillədə başa vuran Yuval Raphael Bazeldə keçirilən yarışma zamanı səhnə arxasında yaşanan bir hadisə barədə danışıb. Müğənni radio proqramına verdiyi müsahibədə Norveç təmsilçisi Kyle Alessandro ilə finala qədər münasibətlərinin normal, hətta dostyana olduğunu bildirib. Onun sözlərinə görə, məşqlər dövründə tez-tez ünsiyyətdə olublar, bir-birilərini salamlayıblar və hər şey kifayət qədər səmimi görünüb.
Lakin yekun nəticələr açıqlandıqdan sonra bu münasibətin dəyişdiyini deyən Yuval qeyd edib ki, İsrailin ikinci yeri tutmasından sonra Kyle onun yanından salam vermədən keçib, üzündə qəribə bir ifadə olub və daha sonra sosial şəbəkələrdə əlaqəni tamamilə kəsib. Müğənni bu davranışı təkcə şəxsi bir inciklik kimi yox, İsrailin müsabiqədə iştirakı ətrafında yaranmış ümumi gərgin atmosferin bir hissəsi kimi dəyərləndirib.
Yuval Raphael həmçinin bildirib ki, İsrail nümayəndə heyəti müsabiqə boyunca kulisdə soyuq münasibətlə üzləşib, çıxış zamanı isə tamaşaçılar arasında fitə basanlar olub. Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib və müğənni özünü qorunduğunu hiss etdiyini vurğulayıb.
Bütün bu çətinliklərə baxmayaraq, Yuval Raphael yaşadığı təcrübənin onu ruhdan salmadığını, əksinə daha da gücləndirdiyini deyib. Onun sözlərinə görə, qarşılaşdığı təzyiqlər ölkəsini sona qədər peşəkar, ardıcıl və ləyaqətli şəkildə təmsil etmək əzmini daha da möhkəmləndirib.




