Songfestival Azerbaijan

Polşadan Avroviziya üçün böyük addım

MƏQALƏNİ PAYLAŞ:

Litva və Moldovadan sonra bu dəfə seçmə turunda böyük bir yeniliyə hazırlaşan ölkə Polşadır. İlk dəfə olaraq Polşanın milli finalı böyük bir stadionda baş tutacaq. Wirtualne Medianin məlumatına görə, TVP minlərlə tamaşaçının iştirakı ilə möhtəşəm bir canlı şou planlaşdırır və səhnədə Avroviziyada çıxış etmiş bir neçə beynəlxalq ulduz da yer alacaq.

Uzun illər Polşanın finalı məhdud tamaşaçı tutumuna malik televiziya studiyalarında keçirilirdi. Keçən il final TVP-nin yeni istehsal zalında baş tutmuşdu, əvvəlki illərdə isə Transcolor studiyası və ya kanalın öz binası ev sahibliyi edirdi. İndi isə tədbirin böyük bir konsert məkanına köçürülməsi seçmə prosesinə indiyədək görülməmiş ölçüdə dinamika gətirir.

Avroviziya 2026 üçün Polşanın Böyük Finalı fevral ayında planlaşdırılır. TVP hələ məkanın adını açıqlamasa da, şounun daha genişmiqyaslı və təmtəraqlı olacağı artıq bəllidir. İlk dəfə olaraq tədbirə giriş biletlə olacaq və bu da daha çox fanatın finalı əsl konsert atmosferində izləməsinə imkan verəcək.

Polşanı 2026-cı ildə Vyanada təmsil etmək istəyən sənətçilər öz müraciətlərini 24 noyabra qədər təqdim etməlidirlər. Mahnılar 3 dəqiqəni keçməməli1 sentyabr 2025-dən əvvəl heç bir formada – nə tam, nə də qismən – yayımlanmamalıdır. Bu, Avroviziyanın ümumi qaydalarına uyğun olaraq tələb olunur.

Münsiflər heyəti (9–15 nəfər) canlı final üçün ən azı on iştirakçını seçəcək. 2026-cı ilin əsas yeniliklərindən biri isə “iştirak kartları”dır. TVP bu kartlar vasitəsilə maksimum üç sənətçini birbaşa finala göndərə bilər. Bu xüsusi seçimlər finaldan bir həftə əvvəl açıqlanacaq.

Təmsilçi isə, yalnız SMS səsverməsi ilə müəyyən ediləcək. Yəni 2026-cı ildə Vyanada Polşanın bayrağını kimin dalğalandıracağına son qərarı tamaşaçılar verəcək.

Xatırladaq ki, Polşanı Avroviziya 2025-də Justyna Steczkowska – “Gaja” mahnısı ilə təmsil edib və 156 xal ilə 14-cü pillədə qərarlaşıb

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106