Avropa Yayım Birliyi (EBU) 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin səsvermə qaydalarında şəffaflığı, ədaləti və ümumi etibarı artırmaq üçün bir sıra mühüm yeniliklər elan edib.
İlk dəyişiklik təbliğat fəaliyyətlərinə nəzarətlə bağlıdır. Üçüncü tərəflərin xüsusilə də hökumət qurumlarının səsverməyə təsir göstərmək imkanları ciddi şəkildə məhdudlaşdırılır. İştirakçı ölkələrin yayımçıları və nümayəndələri artıq hər hansı xarici qrup və qurumlarla birgə aparılan kampaniyalara qoşula bilməyəcək. Bu qaydanı pozan tərəflərə sanksiyalar tətbiq edilə bilər.
Tamaşaçı səsverməsində də yeni limitlər qüvvəyə minir: hər ödəniş üsulu üzrə (onlayn, SMS və zəng) maksimum səs sayı 20-dən 10-a endirilir. Məqsəd azarkeşlərin təsirini daha balanslı etmək və nəticələrin obyektivliyini artırmaqdır.
Peşəkar münsiflər yenidən yarımfinal mərhələsinə qayıdır. 2022-ci ildən sonrakı fasilədən sonra bu il televiziya və münsif səsi təxminən 50/50 nisbətində bölünəcək. Münsiflərin sayı isə 5-dən 7-yə yüksəldilir. Heyətlərin tərkibi də yenilənir: siyahıya musiqi jurnalistləri, müəllimlər, xoreoqraflar, səhnə rejissorları kimi müxtəlif sahələrin peşəkarları daxil edilir. Bundan əlavə, hər bir ölkənin münsif heyətində mütləq şəkildə 18–25 yaş aralığından ən azı iki nəfər olmalıdır ki, gənc baxış bucağı da təmsil olunsun.
Münsiflərin fəaliyyətinə dair tələblər də sərtləşdirilir. Onların bir-biri ilə razılaşma yaratması, səsvermə zamanı məlumat paylaşması və ya sosial mediada seçimlərini açıqlaması qadağan olunur.
Texniki tərəfdə EBU səsvermə tərəfdaşı “Once” ilə birlikdə təhlükəsizlik mexanizmlərini daha da gücləndirir. Saxta və koordinasiya olunmuş səsvermə davranışları xüsusi alqoritmlərlə izlənəcək və şübhəli nümunələr dərhal təhlil olunacaq.
Avroviziyanın direktoru Martin Green bildirib ki, bu dəyişikliklər müsabiqənin neytrallığını qorumağa, musiqi və birliyə əsaslanan dəyərləri önə çəkməyə xidmət edir.
Yeniliklər “Reference Group” tərəfindən təsdiqlənib və 2026-cı ildən qüvvədə olacaq.
Mənbə: Eurovision.tv




