Baseldə keçiriləcək möhtəşəm final öncəsi hər kəsin ağlında eyni sual var: bu gecənin sürprizi nə olacaq? Səhnədə musiqi qədər siyasət, strateji ittifaqlar və emosiyalar da yarışacaq. Gəlin, bəzi real ehtimallara nəzər salaq.
1. İskandinav birliyi
Bildiyiniz kimi, İsveçi bu il Finlandiyanın yumor dolu musiqi qrupu KAJ təmsil edir. Sosial şəbəkələrdəki açıqlamalar və müsahibələrə əsasən belə qənaətə gəlmək olar ki, Finlandiya öz 12 xalını İsveçə verəcək. İsveçin isə eyni addımı atıb-atmayacağı isə hələ sual altındadır.

2. İtalyanlar
İtaliyanın məşhur San Remo festivalında səslənən açılış himni – DJ tərəfindən ifa edilən “Tutto Italia” mahnısı – San Marino nümayəndə heyətinin də diqqətini cəlb edib. Elə bu səbəbdən San Marino bu il məhz həmin mahnı ilə yarışır. Yüksək ehtimalla, İtaliya öz 12 xalını bu dəfə San Marinoya verəcək.

3. Beynəlxalq münsif dayanışması
Son iki ildə beynəlxalq münsiflərin favoritləri çox ciddi xal fərqi ilə önə çıxıb. Bu il də həmin tendensiyanın davam edəcəyi gözlənilir. Xüsusilə Avstriyanın münsiflər tərəfindən qalib seçilməsi və əsas rəqibi İsveçə ciddi fərq atması real ehtimallardandır.

4. Haqsızlıqlar?
Avroviziya səhnəsində vulqar geyimlər, provokativ çıxışlar və vizual şoular bəzi tamaşaçılar və münsiflər tərəfindən birmənalı qarşılanmır. Mahnı yaxşı olsa belə, bu üslubla çıxış edən ölkələr az səs toplaya bilər. Bu baxımdan Malta və Finlandiyanın gecəni aşağı sıralarda başa vurması mümkündür.


5. Qalib bəllidirsə, bəs sonuncu kim olacaq?
Sonuncu sırada yer alan ölkələr adətən sürpriz olur. Ötən il Norveçin axırıncı olacağı gözlənilmirdi. Bu il də sonunculuq üçün gözlənilməyən, lakin ehtimal edilən ölkələr arasında Danimarka, Böyük Britaniya və İslandiya var.
