Avropa Yayım İttifaqının (EBU) direktoru Martin Green bildirib ki, Avroviziya Mahnı Müsabiqəsinin formatını genişləndirmək istiqamətində fəal işlər aparılır.
Hələlik rəsmi detallara yer verilməsə də, “Deadline” nəşrinin məlumatına görə, yeni layihələr Yaxın Şərq, Şimali Afrika və Hindistan üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avroviziyanın alternativ versiyalarından indiyədək yalnız “American Song Contest” yayımlanıb, lakin layihə cəmi bir mövsümdən sonra dayandırılıb.
Hazırda “Eurovision Canada” və “Eurovision Latin America” üzərində işlər davam edir. Uzun illər əvvəl elan olunmuş Avroviziya Asia isə hələ də qeyri-müəyyən vəziyyətdədir.
Avroviziyanın qlobal miqyasda genişlənməsi müsabiqənin beynəlxalq auditoriyasını daha da böyütmək məqsədi daşıyır. Yeni bazarların əlavə olunması yarışmanın gələcək formatına hansı təsiri göstərəcək – bunu yaxın aylarda öyrənəcəyik.




