Songfestival Azerbaijan

TuralTuranX qardaşlarından səmimi açıqlamalar

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycanı 2023-cü ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqiçi əkizlər – Tural və Turan Bağmanovlar (“TuralTuranX”) müsabiqədən sonra üzləşdikləri psixoloji çətinliklər və cəmiyyətin sərt münasibəti barədə səmimi açıqlamalar veriblər.

Qardaşlar bildiriblər ki, Avroviziyadan geri döndükdən sonra ən çox geyim tərzlərinə görə tənqid olunublar. Onların qeyri-ənənəvi səhnə imici və fərqli stili bir çox insanlar tərəfindən birmənalı qarşılanmayıb və bu da onları dərin psixoloji sarsıntıya salıb:

“Avroviziyadan gəldikdən sonra ətrafımızdakı insanlar tərəfindən geyimlərimizə görə təzyiq görürdük. Biz buna görə depressiyaya düşürdük. Sonra isə alışdıq. Ölkədə nifrət dəhşət çoxdur. Şəhərdə gəzərkən belə bizə söz atırdılar.”

Bu sözləri ilə TuralTuranX Azərbaycan cəmiyyətində fərqliliyə qarşı dözümsüzlüyə diqqət çəkiblər. Onlar əlavə ediblər ki, təzyiqlərə qarşı ilk vaxtlar emosional baxımdan çox çətinlik çəksələr də, zamanla özlərini toparlamağı və güclü qalmağı bacarıblar.

Qardaşlar həmçinin bildiriblər ki, bu dövr onlara insan psixologiyası və cəmiyyətin reaksiya mexanizmləri barədə daha dərindən düşünmək imkanı verib. Onların sözlərinə görə, belə hallara baxmayaraq, sənətə olan sevgiləri və bir-birlərinə verdikləri dəstək sayəsində yoluna davam edirlər.

Musiqiçilər bu açıqlamaları ilə ictimaiyyətə bir mesaj da vermiş olublar: sənətdə və həyatda fərqli olmaqdan qorxmamaq, əksinə, bunu cəsarətlə ifadə etmək lazımdır.

Teymur İbrahimov
Teymur İbrahimov
Articles: 13