San Marinonun “Avroviziya 2011, 2020 və 2021” təmsilçisi Senhit bu il yenidən dünyaca məşhur müğənni Boy George ilə birlikdə “Superstar” adlı mahnısı ilə təmsil edir.
Gəlin sənətçi ilə baş tutan müsahibəmizə nəzər salaq:
1. San Marinonu yenidən Avroviziyada təmsil etmək necə bir hissdir?
San Marinonu artıq üçüncü dəfə təmsil etmək mənim üçün böyük şərəf və qürurdur. Mən italiyanam, amma San Marino mənim üçün ailə kimidir — elə Avroviziya kimi. San Marino ilə yenidən bu səhnəyə qayıtmaq məni çox xoşbəxt edir və minnətdarlıq hissi yaradır. Bu ölkə mənə çox yaxındır, mənim doğma Bolonyama yaxındır və dediyim kimi, sanki böyük ailəmin bir hissəsini Avroviziyaya gətirirəm.
2. Mahnının hekayəsini danışa bilərsiniz?
“Superstar” çox əvvəl yaranmış bir ideyadır. Keçən il bu mahnı üzərində ciddi işləməyə qərar verdim. Mən həmişə 80-ci illərin səsini və ab-havasını — klub, diskoteka enerjisini sevmişəm. Daha sonra komandamla birlikdə qərara gəldik ki, mahnıya Boy George-u da əlavə edək. Bu layihə uzun müddətin məhsuludur və mən ona çox bağlıyam, çünki sözlərinə və mesajına ürəkdən inanıram.
3. Dinləyicilərə hansı mesajı çatdırmaq istəyirsiniz?
İstəyərdim ki, insanlar mahnının sözlərinə diqqət yetirsinlər. Bu çox enerjili, ritmik bir mahnıdır və bəzən beat insanı yayındıra bilər. Amma mənası çox güclüdür — görünmək və anlaşılmaq haqqındadır. “Superstar”ın əsas mesajı budur. Mən və Boy George hər kəsə demək istəyirik ki, biz hamımız bir “superstar”ıq. Bu çox güclü və böyük bir mesajdır.
4. Səhnə performansınızı necə təsvir edərdiniz?
Vyanadakı çıxış üçün artıq səhnə quruluşu üzərində işləməyə başlamışıq — dekorlar, işıqlandırma və ümumi “Superstar” atmosferi yaradılır. Hələ çox şeyi açıqlamaq istəmirik, çünki sürpriz olsun istəyirik. Amma bir şey deyə bilərəm: çox enerjili, əyləncəli və həyəcanlı olacaq.
5. Səhnəyə çıxmazdan əvvəl xüsusi ritualınız varmı?
Xüsusi bir ritualım yoxdur. Sadəcə diqqətimi toplamağa çalışıram — bəlkə bir dəqiqəlik sükut, nəfəs alıb-vermək. Sonra mikrofonu əlimə alan kimi hər şey başlayır: şou, əyləncə və tam azadlıq hissi. Bu çox gözəl bir andır.
6. Avroviziya sizin üçün nəyi ifadə edir?
Mənim üçün Avroviziya ailədir. İmkan olsa, hər il iştirak edərdim. Bu hissi sözlə ifadə etmək çətindir — bunu yalnız yaşayan anlayar. Sanki bir “balonun” içində yaşayırsan: çöldə həyat çətin ola bilər, amma içəridə hər şey nağıl kimidir. Hamı xoşbəxt və azaddır, hamı özünü olduğu kimi ifadə edə bilir. Avroviziyanın gözəlliyi də bundadır. Bu çox intensiv və emosional bir dövrdür — həm səhnədə olanlar, həm də izləyənlər üçün. Mənim üçün çox böyük məna daşıyır.
7. Sizi ən çox ilhamlandıran musiqiçilər kimlərdir?
Hal-hazırda çox artist var, amma son vaxtlar ən çox Shoshana Bean-i dinləyirəm. O, Waitress, Hell’s Kitchen və Wicked kimi musiqili layihələrdə çıxış edib. Çox güclü sənətçidir. Təəssüf ki, pandemiyaya görə onu canlı izləyə bilmədim, amma ümid edirəm tezliklə görərəm.
8. Bu il çıxışınızdan nə gözləyə bilərik?
Bir az səbr edin — çox təəccüblənəcəksiniz! Ən əsası, Boy George Vyanada mənimlə səhnədə olacaq. Bu onun verdiyi sözdür və biz birlikdə çox xüsusi bir şey hazırlamışıq.
9. Avroviziya səyahətiniz indiyə qədər necə keçib?
Artıq Avropa üzrə promo turuna başlamışam. Çox yorucudur, amma eyni zamanda çox zövq alıram. Pre-partylər, promosyonlar — hamısı mənə görə əyləncəlidir. Hər şey çox yaxşı gedir: insanlar “Superstar”-ı sevirlər və əlbəttə ki, “Adrenalina”ya hələ də böyük maraq var, bunu başa düşürəm. Amma “Superstar” da zamanla seviləcək. Mən xoşbəxtəm və razıyam.
10. Azərbaycandakı fanlara mesajınız varmı?
Mən Azərbaycanı çox sevirəm! Tezliklə Bakıda olacağam — ilk dəfə 2011-də Avroviziya üçün gəlmişdim. Yenidən Bakıya qayıtmaq məni çox sevindirir. Sosial tədbirlər və layihələr üçün gələcəyəm. Yəqin ki, artıq dostuma çevrilmiş Efendi ilə də görüşəcəyəm və buna görə çox xoşbəxtəm.




