Avstriyanın paytaxtı Vyana şəhərində, Rathausplatz meydanında “Avroviziya” mahnı müsabiqəsinin yubiley buraxılışının rəsmi açılış mərasimi — “Firuzəyi Xalça” tədbiri keçirilib. Mərasimdə 35 ölkənin nümayəndə heyəti ilə yanaşı, Azərbaycan təmsilçisi JIVA və ölkə deleqasiyası da iştirak edib.
Təmsilçimiz JIVA-nın bu gecə üçün obrazı üzərində peşəkar komanda çalışıb. Sənətçinin saç və makiyajı Anar Ağakişiyevə, xalça geyimi isə eyni zamanda səhnə libasının müəllifi olan dizayner Kamilla Babayevaya məxsusdur. Kəmər detallarının üstünlük təşkil etdiyi bu obraz beynəlxalq media tərəfindən yüksək qiymətləndirilib.
Tədbir zamanı meydanda Azərbaycanın Xalq artisti Aygün Kazımovanın “S.O.S” mahnısının səslənməsi nümayəndə heyətimizin keçidini müşayiət edib. JIVA mərasim boyunca müxtəlif ölkələrin media qurumlarına müsahibələr verərək hazırlıq prosesi barədə məlumat paylaşıb və pərəstişkarlarla görüşüb.
“Songfestival Azerbaijan” komandası olaraq biz də tədbiri birbaşa Vyanadan izləmiş, nümayəndə heyətimizin keçidini və sənətçimizin beynəlxalq mətbuatla ünsiyyətini anbaan qeydə almışıq. Hazırda nümayəndə heyəti mayın 14-də baş tutacaq ikinci yarımfinal üçün son hazırlıq mərhələsindədir.




