İsrailin 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına qarşı etiraz edən ölkələrin sayı sürətlə artır. Bir sıra dövlətlərin ictimai yayımçıları açıq şəkildə bəyan ediblər ki, əgər İsrail yarışmada iştirak edəcəksə, onlar müsabiqəyə qoşulmayacaqlar.
İspaniyanın mədəniyyət naziri Ernest Urtasun məsələ ilə bağlı çıxışında bildirib ki, ölkəsi Avroviziyaya qatılmaq məsələsini yenidən nəzərdən keçirir. O, İsrailin iştirakının qəbulolunmaz olduğunu deyib. İrlandiyanın dövlət kanalı RTE də mövqeyini sərt şəkildə ortaya qoyaraq, İsrail yarışmaya buraxılacağı təqdirdə geri çəkiləcəklərini açıqlayıb. Sloveniya ictimai televiziyası da oxşar bəyanatla çıxış edib və iştirakdan imtina ehtimalını gündəmə gətirib.
Etiraz edənlər əsas arqument kimi Qəzzədə davam edən müharibəni və İsrailin hərbi əməliyyatlarını göstərirlər. Onların fikrincə, bu şəraitdə İsrailin Avroviziyada iştirakına icazə verilməsi beynəlxalq ictimaiyyətin gözündə “vicdansızlıq” və “siyasi susqunluq” kimi görünür.
Bütün bu çağırışlar fonunda həlledici qərarı Avropa Yayım Birliyi (EBU) verəcək. Hazırda təşkilat üzv ölkələrin etirazlarını qiymətləndirir. Bu məsələ ətrafında yaranan gərginlik isə Avroviziya tarixində ən ciddi siyasi mübahisələrdən biri kimi dəyərləndirilir.




