Songfestival Azerbaijan

“Böyük Dördlük” və ev sahibi Avstriyanın ilk məşqi — Canlı Bloq

MƏQALƏNİ PAYLAŞ:

Bu gün, 1-ci yarımfinalın 2-ci yarısında iştirak edəcək ölkələrlə yanaşı, “Böyük Dördlük” və ev sahibi ölkə Avstriya təmsilçilərinin ilk məşqi baş tutacaq. Bildiyimiz kimi, “Böyük Dördlük”-ə Almaniya, İtaliya, Fransa və Birləşmiş Krallıq daxildir. Uzun illərdir “Böyük Beşlik” adlandırılan və İspaniyanın da daxil olduğu bu 5 ölkə müsabiqənin təşkilatında əsas rol oynamaqla yanaşı, ev sahibi ölkə və Avropa Yayım Birliyinə ən çox maddi dəstək göstərir. Lakin müsabiqədə İsrailin iştirakı səbəbilə müsabiqəni boykot edən İspaniya və bir qrup digər ölkələr bu il müsabiqədə iştirakdan imtina edir. Eyni zamanda, dünəndən etibarən, 2-ci məşqlərə başlayan yarımfinalçı ölkələrin səhnələrindən 30 saniyəlik videokadrlar təqdim edilməyə başlanılıb. Bütün videokadrları və müsabiqə ilə bağlı əlavə məlumatları digər rəsmi sosial şəbəkə hesablarımızdan əldə edə bilərsiniz. İlk məşqlərinə başlayan Almaniya, İtaliya, Fransa, Birləşmiş Krallıq və Avstriyanın səhnələrinin yazılı təsviri isə aşağıdadır:

🇮🇹 İtaliya

Səhnədə teatr pərdəsi qalxır (və bu mümkün olan ən effektli şəkildə təqdim edilir, vizuallar olduqca dəbdəbəli görünür) və İtaliya üçün səhnəyə çıxan Sal Da Vinci ilə birlikdə tamaşaçılar romantik bir hekayəyə şahid olurlar. Hekayə dörd hissəyə bölünüb və onun xoşbəxt sonluğu var.Ən vacib hissədən başlayırıq — kostyum seçimi. Bəyin iki dostu ona həyatının ən xüsusi günü üçün uyğun obraz tapmağa kömək edir. Bu vaxt Sal Da Vinci səhnənin ön hissəsində çıxış edərək həmin “moda həvəskarlarına” əsl stilin necə olduğunu göstərir. O, ağ rəngli kostyumunda möhtəşəm görünür — müasir üslubla hazırlanıb, amma Neapol dizaynına xas detalları da qoruyur. Bu geyim xüsusi olaraq neapollu bir dizayner tərəfindən Sal üçün hazırlanıb.Növbəti səhnədə böyük bir çilçıraq aşağı enir və Sal bizi möhtəşəm bal zalına aparır. Burada həyəcanlı bəy (bəli, burada həqiqi salto hərəkətləri də var) dostları ilə birlikdə yüksək səviyyəli xoreoqrafiya nümayiş etdirir. Bu toyun çox “isti” keçəcəyi hiss olunur! Amma hələ əsas məqama çatmamışıq…Sonra böyük gün gəlir. Nəhayət utancaq gəlin səhnənin podiumu boyunca yavaş-yavaş irəliləyərək tamaşaçıların qarşısına çıxır və biz Sal-ı başqa bir rolda görürük — bu gün o, həm də nikah mərasiminin aparıcısıdır! Xoşbəxt cütlük sevincdən parlayır və buna görə onları qınamaq mümkün deyil.“Wiener Stadthalle” səhnəsinə gecə çökür və mahnı Neapoldakı ən “isti” dəvətlə — toy məclisi ilə yekunlaşır! Ətraf limon ağacları və işıqlarla bəzədilib, Sal-ın arxasındakı ekranlarda isə atəşfəşanlıq görüntüləri görünür. Bu final çox simvolik təsir bağışlayır və müğənninin nümayiş etdirdiyi vokal ustalığı ilə mükəmməl uyğunlaşır. Onun ifa etdiyi bəzi notlar kişi vokalı üçün olduqca nadirdir… Sal həqiqətən də özünün tez-tez vurğuladığı kimi qiymətli bir istedaddır.

🇩🇪 Almaniya

Qara, qırmızı və qızılı — Almaniyanın 70-ci Avroviziya üçün seçdiyi rəng palitrası məhz budur.“Wiener Stadthalle” səhnəsi Sarah Engels kimi bir ulduz üçün sanki çox kiçikdir! Buna görə də o, özü ilə kub formasında dekorasiya gətirib ki, layiq olduğu səhnə platformasını əldə etsin. “Fire” mahnısının performansını ilk dəfə görən heç kim bununla mübahisə etməyəcək! Sarah çıxışa kubun üzərində uzanmış vəziyyətdə başlayır və mahnının piano balladası üslubunda olan versiyasını yuxarıdan çəkən kameraya ifa edir. Amma bu alovlu hit çox tez “yanmağa” başlayır — qısa müddət sonra Sarah hamımızın tanıyıb sevdiyi əsas versiyaya keçir.Sarah Engels tamamilə qızılı rəngdə geyinib — onun üzərində mahnının adına vizual istinad edən bodi(geyim növü) var. Korset hissəsi alov dillərini xatırladacaq şəkildə hazırlanıb, hər tərəfə səpələnmiş parlaq daşlar isə qızılı köz parçaları kimi görünür və çıxışa daha da “isti” atmosfer qatır. Performans boyunca Sarah-a qızılı geyimdə olan dörd rəqqas qoşulur.Bizim Sarah (yəni “Bizim Sarah Angel”) tamaşaçılar üçün bəzi sürprizləri gizli saxlamağımızı istəyib. Buna görə də Sarah-ın [SENZURA], öz [SENZURA]-ını [SENZURA] etməsi və sonra [SENZURA] baş verərkən [SENZURA] etməsi barədə qətiyyən danışmayacağıq. Açığı, bundan sonra bir az uzanıb dincəlməyə ehtiyacımız var.Amma sizə deyə bilərik ki, çıxış möhtəşəm pirotexniki şou ilə sona çatır. Düzünü desək, başqa cür olması da mümkün deyildi, elə deyil?

🇫🇷 Fransa

Qalın tüstü buludu içində çıxışa başlayan Monroe ilk saniyələrdən dramatik atmosfer yaradır. O, performansa səhnənin arxa hissəsində yerləşən kiçik podiumda başlayır, lakin çıxışını ön hissədəki başqa platformada tamamlayır — bunun üçün 30 metrlik podium boyunca üç dəqiqə ərzində irəliləyir.Səhnə quruluşunun bir hissəsində Monroe steadicam kameradan aktiv istifadə edir, birbaşa kameraya baxaraq emosional şəkildə tamaşaçılara “regarde moi” (“mənə bax”) deyə müraciət edir. Amma ona uzun müddət diqqət çəkməyə imkan vermirlər — beş rəqqas onu sözün əsl mənasında güclə saxlayır. Bu, tam bir qarşıdurmadır! Hadisələr inkişaf etdikcə səhnədəki tüstü də getdikcə artır. İkiqat final effekti ilə qurulan kulminasiya zamanı ekranlarda atəşfəşanlıqlar partlayır, səhnədən isə böyük tüstü sütunları yüksəlir.Çıxışı üçün Monroe tamamilə ağ rəngdə geyinib — obraz müasir dizaynı Fransanın romantik dövrünə aid klassik moda elementləri ilə birləşdirir. Zəng formasında yubka alt ətəyin üzərində hazırlanıb, üst hissədə isə müğənni köynək, qalstuk və jilet kombinasiyası geyinir. Bu günün əsas parçaları pambıq və ipəkdir! Monroe-un rəqqasları isə tamamilə qara geyimdədirlər və bununla çıxışın qara-ağ işıqlandırma və qrafik üslubunu tamamlayırlar.

🇬🇧 Birləşmiş Krallıq

Birləşmiş Krallıq təmsilçisinin çıxışı “Eins, Zwei, Drei” klipinin nəhəng səhnə versiyasını xatırladır. Mahnı başlayanda səhnədə sıra ilə düzülmüş ofis masalarını görürük. Təmsilçi ilə birlikdə “iş növbəsinə” dörd həmkar da çıxır və onların başlarında kompüter monitorları var.Çıxışın əvvəlində ifaçı ofis həyatının rutinini adi hal kimi qəbul edir, amma mahnı inkişaf etdikcə LOOK MUM NO COMPUTER azadlığa çıxır və bu sistemdən qaçmağa başlayır. Ofis masaları xoreoqrafiyanın əsas elementinə çevrilir. Səhnədə onun məşhur sintezatorları və klavişləri də görünür.LOOK MUM NO COMPUTER özünəməxsus kombinezonunu geyinib, amma bu dəfə geyim nəzərəçarpacaq şəkildə yenilənib — kombinezon toz çəhrayı rəngdədir, üzərində gümüşü fermuarlar var və obrazı Dr. Martens çəkmələri tamamlayır.

🇦🇹 Avstriya

Performans COSMÓ və onun “heyvanlarının” səhnənin döşəməsində uzanması ilə başlayır. İfaçının özünəməxsus xoreoqrafik hərəkətlərinin çıxışın əsas elementi olacağını təxmin etmək çətin deyil. COSMÓ və onun “vəhşi” komandası həm səhnədə bir xətt üzrə, həm də arenanın tavanından enən nəhəng dırmaşma konstruksiyalarının üzərində rəqs edir. Qısası, mümkün olan hər yerdə hərəkət və enerji var.Çıxışın əvvəlində səhnədə “DANCE AWAY YOUR INNER ANIMAL” sözləri peyda olur. COSMÓ da konseptə uyğun geyinib: qara dəri şalvar, daşlarla bəzədilmiş qara köynək və güzgü topu stilində sinə aksesuarı.İfaçı nömrəni klub atmosferində tamamlayır — onun arxasında rəngarəng stroboskop işıqları ritmik şəkildə yanıb-sönür.

Beləliklə, bu sezon üçün canlı bloq sessiyamızın sonuna gəldik. Artıq gələn həftə “Avroviziya 2026” qalibi və “Avroviziya 2027” ev sahibi bəlli olacaq.

Ramin İmanov
Ramin İmanov
Articles: 59