Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi (EFENDİ) “1News” portalına verdiyi müsahibədə müsabiqə ilə bağlı yaşadığı təcrübələri və gələcək planlarını bölüşüb.
Sənətçi “Avroviziya” səhifəsini tam bağlamadığını bildirib. Yarışmada sanki tamamlanmamış işinin qaldığını hiss etdiyini deyən müğənni, təmsil olunduğu il komandası ilə birlikdə yalnız qələbə üçün çalışdıqlarını xatırladıb. Əfəndi nümayəndə heyətinin keçmiş rəhbəri İsa Məlikovun belə onun qələbə qətiyyətinə təəccübləndiyini vurğulayaraq, daxili əminliyi və inadkarlığı ilə bu missiyanı gerçəkləşdirmək üçün gələcəkdə yarışmaya yenidən qayıtmağın mümkün olduğunu bildirib.
Müsahibə zamanı sənətçi müsabiqə dönəmində qarşılaşdığı böyük nifrət dalğasından da söz açıb. O, ukraynalı rəqqasələrin bayrağı düzgün tutmaması və sevinclə tullanıb əl çalmaqları səbəbindən yaranan anlaşılmazlığa görə əsassız olaraq günahlandırıldığını və tənqid olunduğunu qeyd edib. Müğənni bu cür halların onu idealdan uzaqlaşdıraraq özünə qapanmağa vadar etdiyini, lakin valideynlərinin, dostlarının və yaxınlarının dəstəyi ilə bu vəziyyətdən tez çıxdığını vurğulayıb.
Bundan əlavə, Əfəndi Amsterdamda təşkil olunacaq böyük “Het Grote Songfestivalfeest” “Avroviziya” festivalına növbəti dəfə dəvət aldığını və bu dəfə festival proqramı çərçivəsində dünya ulduzu Madonna ilə eyni səhnəni bölüşəcəyini diqqətə çatdırıb.




