Vyanadan hamıya salam! “Avroviziya” həyəcanı artıq tam sürətlə başlayıb. Səhnə arxasından gələn ilk görüntülər göstərir ki, bizi builki yarışmada çox rəngarəng və maraqlı şoular gözləyir.
Moldova:
Satoshi səhnədə yerində durmur, elə bil idman edir. Mavi rəngli, zəncirli kostyumu və bitmək bilməyən enerjisi ilə səhnəni darmadağın edir. Yapon mədəniyyətindən ilhamlanan rəngli fon isə çıxışa xüsusi şirinlik qatır.
İsveç:
İsveç hər zamanki kimi peşəkar və dərindən düşünülmüş bir işlə qarşımızdadır. Felicia “Qara dul” obrazında, lazer işıqları və güclü sintezator sədaları ilə səhnədə əsl dramatik atmosfer yaradır.
Xorvatiya:
Burada tam başqa bir aləmdir. LELEK qrupu tünd qırmızı xalatlarda bizi mistik bir mağaradan götürüb, “soxulcan dəliyi” effekti ilə sanki başqa dünyalara və zamanlara aparır.
Yunanıstan:
Akylasa baxanda adamın yadına köhnə oyunlar düşür. Pələng naxışlı geyimi və pişik papağı ilə bizi həm əyləndirir, həm də sonda eynəyini çıxarıb anasına etdiyi müraciətlə hamımızı duyğulandırır.
Portuqaliya:
Portuqaliya hər zamanki kimi sadə və səmimidir. Qrup üzvləri milli himn oxuyan futbolçular kimi düzülüb və “Mahnı Divarı” effekti yaradaraq səhnəni çox dolğun göstərirlər. Sonda açılan qızılgül isə çıxışı çox zərif tamamlayır.
Gürcüstan:
Gürcüstanı tanımaq həqiqətən çətindir. Uşaq Avroviziyasından tanıdığımız o şirin “Bzikebi” arıları indi müasir “robotlara” çevrilib. Lazerlərin içində tam bir superqəhrəman kimi görünürlər.
Finlandiya:
Finlandiyanı mütləq qeyd etməliyəm. Dağılmış orkestr səhnəsi, yanan günah çıxarma bölməsi və sonda alovlar içində üz-üzə gələn ifaçılar… Tam bir kino səhnəsi kimidir.




