“Avroviziya” Mahnı Müsabiqəsinin hazırlıq mərhələsi çərçivəsində pərəstişkarların məşqləri necə izləyə biləcəyinə dair detallar bəlli olub. 2 may şənbə günündən etibarən start götürəcək ilk məşqlər rəsmi “Reddit” platformasında yaradılacaq xüsusi “canlı bloq” vasitəsilə anbaan təqib ediləcək. Arenadakı media komandası hər bir ifaçının səhnə tərtibatı, pirotexnika effektləri, xoreoqrafiyası və geyimləri haqqında təəssüratlarını real vaxt rejimində izləyicilərlə bölüşəcək.
Vizual yenilikləri gözləyənlər üçün isə hər bir sənətçinin ilk məşqindən təxminən 24 saat sonra müsabiqənin sosial media kanallarında rəsmi fotolardan ibarət xüsusi seçmələr dərc olunacaq. Bu fotolar vasitəsilə pərəstişkarlar ifaçıların səhnə obrazları və vizual konsepsiyaları ilə yaxından tanış ola biləcəklər.
Məşqlərin ikinci mərhələsində isə format daha genişmiqyaslı təqdimatlarla davam edəcək. İkinci məşqlər tamamlandıqdan sonra hər 35 performansın “televiziyada göründüyü kimi” hazırlanan “önizləmə klipləri” rəsmi platformalarda yayımlanacaq. Bu videolar səhnə işıqlandırması və kamera bucaqları kimi texniki elementləri nümayiş etdirərək canlı şoular öncəsi tamaşaçılarda tam təsəvvür yaradacaq.
Sonda bütün bu çarxlar bir araya gətirilərək “Avroviziya”nın rəsmi “YouTube” kanalında vahid “vitrin” şəklində geniş auditoriyaya təqdim olunacaq. Bu rəsmi toplu izləyicilərə müsabiqə ərəfəsində bütün ölkələrin hazırlıq səviyyəsini eyni anda qiymətləndirmək imkanı verəcək.




