Songfestival Azerbaijan

Ənvər Sadıqovdan “Avroviziya” şərhi:

MƏQALƏNİ PAYLAŞ:

Xalq artisti, görkəmli qarmon ifaçısı Ənvər Sadıqov Aynur Xəlilovanın təqdimatında yayımlanan “Hərşeyşünas” verilişində “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi və Azərbaycanın təmsilçilik strategiyası ilə bağlı konseptual fikirlərini bölüşüb.

Sənətçinin çıxışı əsasən beynəlxalq müsabiqələrdə musiqi kimliyinin qorunması və tamaşaçı psixologiyası üzərində qurulub.

O bildirib ki, Avropa bazarı artıq standart pop və elektron musiqisi ilə doludur. Belə bir mühitdə fərqlənməyin tək yolu özünəməxsusluğu itirməməkdir.

“Təsəvvür edin ki, bazara girirsiniz və hər tərəf eyni növ almalarla doludur. İnsan belə bir boluqda nə alacağını bilmir, seçmək çətinləşir. Amma kənarda bir dənə mandarin olanda, o fərqli rəngi və qoxusu ilə dərhal diqqəti cəlb edir. Bizim “Avroviziya” mahnımız da məhz o mandarin kimi olmalıdır – fərqlənməli və maraq oyatmalıdır” – deyə sənətçi qeyd edib.

Musiqiçi vurğulayıb ki, mahnıda milli çalarlardan istifadə etmək sadəcə aləti göstərmək deyil, onu beynəlxalq musiqi dilinə “tərcümə etmək” bacarığıdır. Onun fikrincə, avropalı dinləyicini yormadan, onlara tanış olan harmoniyanın içərisində milli ornamentləri kiçik və bitkin bir fikir kimi təqdim etmək ən uğurlu yoldur.

O, mütləq deyil ki, mahnının başdan-ayağa muğam olmasını, əsas məqsədin musiqinin gedişatında dinləyicinin “bu, fərqli və gözəl bir rəngdir” deyə biləcəyi milli bir fraqmentin yer alması olduğunu diqqətə çatdırıb.

Təmsilçiliyin yalnız yer tutmaqdan ibarət olmadığını qeyd edən Ənvər Sadıqov, ümumi hazırlıq prosesindən və təqdim olunan nömrənin səviyyəsindən razı qaldığını gizlətməyib. O bildirib ki, bir musiqiçi kimi onun üçün əsas meyar səhnədəki ifanın və ümumi səslənmənin keyfiyyətidir.

“Mənim üçün yerin əhəmiyyəti yoxdur; istər üçüncü, istər onuncu olsun. Önəmli olan odur ki, biz səhnədə peşəkar, keyfiyyətli və özümüzə yaraşan bir iş göstərək. Şəxsən təqdim olunan bu nömrəni mən bir musiqiçi kimi bəyəndim” deyən sənətçi, Azərbaycanın zəngin musiqi irsinin düzgün təqdimatla istənilən platformada heyranlıq doğuracağına əminliyini ifadə edib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 79