Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində Kipri təmsil etmək üçün seçilən Antigoni Buxtonun “Jalla” adlı mahnısı ölkədə geniş miqyaslı anlaşılmazlıq və etiraz dalğasına səbəb olub.
Mahnının və rəsmi klipin təqdimatından dərhal sonra, aralarında nüfuzlu professorlar və keçmiş diplomatların da olduğu 40 nəfərlik ziyalı qrupu Kipr İctimai Yayım Şirkətinə kəskin məzmunlu məktub ünvanlayaraq mahnının yayımının dayandırılmasını tələb edib.
Məktubda iddia olunur ki, mahnının təqdimatı Kiprin milli obrazını zədələyir, onu beynəlxalq arenada qeyri-ciddi bir dövlət kimi göstərir və xüsusən də ölkənin Avropa İttifaqı Şurasına sədrlik etdiyi bir vaxtda dövlət nüfuzuna kölgə salır.
Klipdə gənclərin kaskasız motosiklet sürməsi kimi qayda pozuntularının yer alması “estetik qəza” kimi qiymətləndirilib və dövlət büdcəsindən maliyyələşən kanalın bu cür görüntüləri təbliğ etməsi sərt tənqid atəşinə tutulub.
Yayımçı qurum klipdə montaj dəyişiklikləri edəcəyinə söz versə də, sənətçinin tənqidlərə qarşı dik duruşu tərəflər arasındakı qarşıdurmanı daha da alovlandırıb və məsələnin hüquqi müstəviyə keçəcəyi gözlənilir.




