İsveçin Qotenburq şəhərində yerləşən “Scandinavium” arenasında “Melodifestivalen 2026” müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Altı iştirakçının mübarizə apardığı gecədə əsas diqqət mərkəzində olan Felicia, “My System” adlı mahnısı ilə tamaşaçı səsverməsinin ilk turunda ən çox səsi toplayaraq birbaşa finala yüksəlib.
Səsvermənin ikinci turunda isə “Rakt in i elden” mahnısını ifa edən Brandsta City Släckers qrupu yaş qrupları üzrə ən yüksək xalları yığaraq finala vəsiqə qazanan ikinci kollektiv olub.
Gecənin digər iştirakçılarından olan Robin Bengtsson “Honey Honey” mahnısı ilə üçüncü yeri tutaraq mübarizəni “Finalkval” (Son şans) mərhələsində davam etdirmək hüququ qazanıb.
Arwin, Klara Almström və Laila Adèle isə səsvermə nəticəsində yarışmanı tərk ediblər. Qaydalara əsasən, hər yarımfinaldan iki mahnı birbaşa finala, bir mahnı isə yarımfinalların sonunda keçirilən əlavə seçim turuna vəsiqə alır.
Müsabiqənin növbəti mərhələsi gələn həftə Kristianstad şəhərində davam edəcək və martın 7-də Stokholmda keçiriləcək böyük finalda İsveçin “Avroviziya 2026” təmsilçisi elan olunacaq.




