Adətən təmsilçisini daxili seçim yolu ilə seçən Yunanıstan bu il dəyişikliyə gedərək “Ethnikós Telikós” adlı Milli Seçim Turu təşkil etdi. Seçim turunun əsas favoritləri arasında isə Klavdia və Yunanıstan, eyni zamanda da yaxın qonşu Kiprdə məşhurlaşmış sənətçi Evangelia idi. 30 yanvarda baş tutan Seçim Turunda isə 2 əsas rəqibdən əlavə digər 10 sənətçi də mübarizə apardı. Gərgin səsvermə prosesindən sonra idə Bazeldə ölkəni təmsil edəcək sənətçi və mahnıya aydınlıq gətirildi. Ölkəni 69-cu Avroviziya Mahnı Müsabiqəsində Klavdia “Asteromata” adlı mahnısı ilə təmsil etməyə haqq qazandı.
Mahnının müəllifi Arcade-dir. Yunan dilində olan mahnı dinləyiciyə həzin təsir bağışlayır. Klavdiaya gəldikdə isə 22 yaşlı gənc müğənni Yunanıstanda doğulub, deyilənlərə görə Pontus kökənlidir. 2020-ci ildən musiqi sahəsində aktiv fəaliyyət göstərir və əsas janrı Indie-pop-dur.
Lakin “Asteromata”-nın qalib olması qonşu Türkiyədə birmənalı qarşılanmadı. Özünün də Pontus kökləri olan Klavdianın mahnıda “Pontus Soyqrımı”-na aid siyasi mesajlar ötürdüyü iddia edildi. Avroviziyaya qatılmasa belə AYB üzvü olan Türkiyədə fanlar bu barədə sosial şəbəkələrdə narahatlıqlarını ifadə etdi və Türkiyə yayımçısı TRT açıqlama verərək, mahnını diqqətlə incələyəcəklərini, Türkiyə əleyhinə hər hansı bir təxribat olduğu halda AYB-yə rəsmi müraciət olunacağını bildirdi.