Songfestival Azerbaijan

Sofia Nersesian “Motanka” ilə Ukraynanı Tbilisidə təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Ukraynanın “Junior Eurovision 2025” təmsilçisi artıq bəllidir. Kiyevdən olan 10 yaşlı istedad Sofia Nersesian, ölkəsində keçirilən milli seçim mərhələsinin qalibi olaraq bu ilin dekabrında Gürcüstanın paytaxtı Tbilisidə səhnəyə çıxacaq. Gənc ifaçı yarışmada “Motanka” adlı mahnısı ilə çıxış edəcək.



Svitlana Tarabarovanın yaradıcılığı ilə ərsəyə gələn “Motanka”, Ukrayna xalqının dərin köklü inanclarını müasir musiqi dili ilə birləşdirir. Mahnı, əsrlər boyu uşaqlar üçün qoruyucu simvol sayılan ənənəvi motanka kuklasının mənəvi gücündən bəhs edir. Əfsanəyə görə, təhlükə yaxınlaşdıqda motankanın iplikləri parlayır və uşağı qoruyur. Müharibə illərində bu simvol daha da dərin anlam qazanaraq, uşaqlığın səsini və sülh arzusunu təcəssüm etdirir.

Erməni-ukraynalı ailədən olan Sofia Nersesian musiqiyə erkən yaşlarından maraq göstərib. O, müxtəlif xeyriyyə layihələrində və sosial tədbirlərdə könüllü kimi iştirak edib, səhnəni isə təkcə sənət məkanı deyil, insanlara ümid bəxş edən bir məbəd kimi görür. 2024-cü ildə də “Junior Eurovision” seçimlərində iştirak edən Sofia üçün bu il arzusunun gerçəkləşdiyi andır. Onun dediyi kimi:

“Şəhər yuxuya getdikdə mən bir arzu tuturam — səhnəyə çıxmaq, mahnımı oxumaq və dünyanı bir az daha işıqlı etmək.”

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91