Songfestival Azerbaijan

Türkiyənin Avroviziya Ulduzları Etirazlara Dəstək Verdi

Türkiyənin məşhur musiqi sənətçiləri ölkədə baş verən etirazlara sosial şəbəkə vasitəsilə dəstək nümayiş etdiriblər.

Türkiyəni 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo, “X” (keçmiş Twitter) platformasında paylaşdığı açıqlamada, ölkədəki siyasi və sosial problemlərdən narahatlığını ifadə edib. O, universitet tələbələrinin polis zorakılığına məruz qalmasına üzüldüyünü, həm ata, həm də vətəndaş olaraq narahatlıq keçirdiyini bildirib.

Bundan əlavə, 2008-ci ildə Avroviziyada Türkiyəni təmsil edən məşhur “Mor ve Ötesi” qrupu da İstanbul Böyükşəhər Bələdiyyə Başçısına qarşı atılan addımlara reaksiya verib. Qrup, demokratiya və ədalət prinsiplərinin qorunması vacibliyini vurğulayaraq, seçilmiş bələdiyyə başçısının vəzifəsinə qayıtmasını dəstəklədiyini bildirib.

Eyni zamanda, Azərbaycanda da populyar olan və Avroviziyada Azərbaycanı təmsil etmək istədiyini bildirən müğənni Alizade etirazlarda aktiv iştirak edib. Sosial media hesabında paylaşılan fotoda onun “JUST ADALET İSTEMEK” (“Yalnız Ədalət İstəyirik”) yazılı plakatla nümayişdə iştirak etdiyi görünür.

Məşhurların bu mövqeyi sosial mediada geniş müzakirələrə səbəb olub. Pərəstişkarları onların cəsarətli açıqlamalarını alqışlayaraq, ədalət və demokratiya uğrunda mübarizənin önəmini vurğulayıblar.