Şimali Makedoniya Dövlət Televiziyasının (MRT) Proqram Şurası ölkənin 2026-cı ildə Avroviziyada iştirak etməməsini tövsiyə edib.
27 oktyabr tarixində keçirilən iclasda Şura bildirib ki, bu il yarışmadan kənarda qalmaq daha məqsədəuyğundur, çünki 2027-ci il üçün daha ciddi və düşünülmüş bir strategiya hazırlanmasına ehtiyac var.
Qərarda vurğulanıb ki, Avroviziya ölkənin mədəniyyətini, musiqisini və ifaçılarını dünyaya tanıtmaq üçün mühüm platformadır. Lakin bunun üçün düzgün planlaşdırma, peşəkar hazırlıq və kifayət qədər maliyyə dəstəyi tələb olunur.
MRT-nin proqram planında qeyd olunur ki, 2026-cı il üçün iştirakla bağlı yekun qərar hələ verilməyib. Hazırda televiziya bu məsələdə istehsal imkanlarını, maliyyə vəziyyətini və mümkün seçim prosesini qiymətləndirir.
Xatırladaq ki, Şimali Makedoniya Avroviziyada sonuncu dəfə 2022-ci ildə çıxış edib.




