İsrailin “Avroviziya-2026” təmsilçisi Noam Bettanın müsabiqədə ifa edəcəyi mahnı açıqlanıb. Yanvar ayında “HaKokhav HaBa” yarışmasının qalibi seçilərək ölkəsini təmsil etmək hüququ qazanan ifaçı, uzun çəkən hazırlıqlardan sonra “Michelle” adlı mahnısını və klipini pərəstişkarlarına təqdim edib.
“Michelle” mahnısı özünəməxsus quruluşu ilə diqqət çəkir. Belə ki, bəstə İvrit, Fransız və İngilis dillərinin sintezi şəklində hazırlanıb. Noamın həm İsrail, həm də Fransa köklərinə işarə edən bu seçim, mahnıya beynəlxalq bir ruh qatır.
Janr olaraq müasir pop ritmlərini retro elementlərlə birləşdirən bəstə, Noam Bettanın güclü vokal imkanlarını və səhnə xarizmasını ön plana çıxarmaq üçün xüsusi olaraq ərsəyə gətirilib.
Mahnının müəllif heyəti də kifayət qədər iddialıdır. Belə ki, bəstənin yaradılmasında ötən il İsraili təmsil edərək yüksək nəticə qazanmış komandanın üzvləri — Tslil Klifi, Nadav Aharoni və Yuval Raphael yer alıb.
Bu heyətin təcrübəsi mahnının “Avroviziya” standartlarına və auditoriya zövqünə uyğun şəkildə formalaşmasında mühüm rol oynayıb.
Noam Bettan 2022-ci ildən bəri İsraili təmsil edəcək ilk solo kişi ifaçıdır. O, mayın 12-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək birinci yarımfinalda səhnəyə çıxacaq.




