Ölkəmizin “Avroviziya 2011” qalibi Nigar Camal bu gün Xəzər TV-də yayımlanan “İncə Səhər” səhər verilişinin qonağı olub. Sənətçi eyni zamanda Avroviziya barəsində danışıb.
Nigar Camal bildirib:
Təmsilçimizə Avroviziyada bol uğurlar arzu edirəm. Avroviziyada artıq format dəyişib, artıq Avropa tamaşaçısının tələbləri fərqlidir. Deyirlər ki, gözəl səsi var(JIVA-nın), bəli, səsi gözəldir, amma orada elə səslər var ki, bizdən ən güclü səsi göndərsən də rəqabət çətin olacaq. Avroviziya artıq səs yarışması deyil, önəmli olan mahnının güclü olmasıdır. Məsələn, mahnıdakı sözlər bizim dilimizdə danışan və düşünən biri tərəfindən yazılmamalıdır. Mahnını Avropada yaşamış, onların içində olan, onlar kimi düşünən və dili tərtəmiz bilən biri yazmalıdır. Mən bizim mahnımızı dinləyən kimi dedim ki, bunu bizimkilər yazıb.
Sənətçi bundan əlavə Avroviziyada görmək istədiyi müğənnilərdən də bəhs edib:
Rok janrında göndərmək istəyiriksə Sabina Beyli olar, rep janrında Asya Alizade mükəmməl olardı. Çünki Avropa bunu sevir və o çox enerjili bir xanımdır. Bundan əlavə, Nigar xanım Nərmin Kərimbəyovanın da adını çəkərək, onu da Avroviziya səhnəsində görmək istədiyini bildirib.




