Əgər musiqini, parıltılı səhnələri və Avroviziyaya xas dramatik hadisələri sevirsinizsə, Netflix-də yayımlanan “Eurovision Song Contest: The Story of Fire Saga” filmi tam sizlikdir. 2020-ci ildə təqdim olunan və baş rollarda Will Ferrell və Rachel McAdamsın yer aldığı bu komediya janrlı film, Avroviziya fanatları üçün əsl vizual zövq yaşadır.
Filmin süjet xətti nəyi əhatə edir?
Hadisələr sakit və soyuq bir İslandiya şəhərində cərəyan edir. Lars Erickssong (Will Ferrell) və Sigrit Ericksdottir (Rachel McAdams) uşaqlıqdan Avroviziya səhnəsində çıxış etməyi xəyal edirlər. Onların yaratdığı musiqi qrupu – Fire Saga – bir təsadüf nəticəsində ölkəni Avroviziyada təmsil etmək şansı əldə edir. Və əsl macəra burada başlayır: texniki problemlər, qeyri-adi səhnə şouları, romantik gərginliklər.
Əlbəttə, dillər əzbəri olan “Ja Ja Ding Dong” mahnısınıda unutmayaq.

Filmin ən cəlbedici məqamlarından biri real Avroviziya iştirakçılarının da ekran qarşısına keçməsidir. Burada 2012-ci il qalibi Loreen, Alexander Rybak, Conchita Wurst, 2016-cı il qalibi Jamala, Estoniyalı opera ifaçısı Elina Nechayeva və Fransanı 2019-cu ildə təmsil etmiş Bilal Hassani kimi tanınmış ifaçılar qısa, lakin maraqlı rollarda görünürlər.
Eyni zamanda, filmdə məşhur pop ulduzu Demi Lovato da iştirak edir və rolu ilə hekayəyə əlavə rəng qatır.

Filmdə səsləndirilən bəzi mahnılar isə tamaşaçılar üçün xüsusi maraq doğurur. Məsələn, Sigritin ifa etdiyi əsas vokalların arxasında İsveçli müğənni Molly Sandén dayanır. O, illər boyu Avroviziyaya seçilmək üçün bir neçə dəfə Melodifestivalen yarışmasında iştirak edib və Avroviziya aləminin tanınmış adlarından biri sayılır.
Tənqidçilərin yanaşması
Film müxtəlif rəylərlə qarşılandı. Bəziləri onu səmimi və əyləncəli hesab etsə də, digərləri bu qədər absurd yanaşmanın həddindən artıq olduğunu düşündü. Amma istənilən halda, Avroviziya atmosferini bu qədər səmimi və çılğın şəkildə əks etdirən ikinci bir film yoxdur. Bu səbəbdən, xüsusilə Avroviziya fanatları üçün bu film unudulmaz təəssüratlar yaradır.
Qeyd etmək lazımdır ki, bu film heç vaxt Oscar və ya digər prestijli kino mükafatlarına iddialı olmayıb. “The Story of Fire Saga” sırf Avroviziya fanatları üçün hazırlanmış, onların zövqünə uyğun olaraq düşünülmüş səmimi bir ekran işidir. Məhz bu səbəbdən film öz orijinallığını və tamaşaçı ilə emosional bağını qoruyub saxlayır.
Nəticə olaraq “Eurovision Song Contest: The Story of Fire Saga” – bir qədər absurd, bir qədər emosional, amma hər zaman Avroviziya qədər rəngli və sürprizlərlə dolu bir filmdir. Əgər sən də Avroviziyanın nəticələrini izləyərkən həyəcan keçirir, hər “12 points go to…” cümləsi ilə ürəyin daha sürətli döyünürsə – bu film mütləq sənə görədir.


