Songfestival Azerbaijan

Musiqi vicdan tələb edir — Samirə Əfəndi bunu xatırladır

MƏQALƏNİ PAYLAŞ:

Bəzən bir sənətçinin atdığı kiçik bir addım belə cəmiyyətdə böyük rezonans yarada bilir. Son günlər Samirə Əfəndi ətrafında baş verən müzakirələr də bunun bariz nümunəsidir – kimisi onu tənqid edir, kimisi dəstək olur, amma bir fakt dəyişməz olaraq qalır. Samirə hər dəfə səhnəyə çıxanda diqqət mərkəzinə çevrilir.

Bu hadisələr göstərdi ki, biz hələ də sənətçini gördüyü işə görə deyil, öz hisslərimizə əsaslanaraq qiymətləndiririk. Halbuki Samirə uzun illərdir həm ölkədə, həm də xaricdə peşəkarlığı ilə tanınan bir ifaçıdır. Buna baxmayaraq, insanlar çox zaman onun böyük işlərini, səsini, sənətini deyil, bir-iki balı fəlakət kimi qabardırlar.

Təəccüblü məqamlardan biri də budur ki, insanlar bu qədər aqressiya göstərərkən bir şeyi tamamilə unudurlar: Samirə Əfəndinin Avroviziya kimi dünya miqyasında tanınan bir müsabiqədə ölkəmizi ard-arda ikinci dəfə təmsil etməsi böyük uğurdur. O zaman niyə bu məsələ müzakirə mövzusu deyildi? Niyə o vaxt heç kim “bu sənətçinin peşəkarlığı, bu addımı, bu nailiyyəti” demirdi? Axı o zaman da Samirə eyni Azərbaycanı təmsil edirdi, elə bu gün də. Fərq nədədir?

Ölkəni dəfələrlə Avroviziya səhnəsinə çıxarmaq — bu, təsadüfi bir şey deyil, zəhmətin, istedadın və inamın, böyük bir işin, böyük bir uğurun nəticəsidir. O illərdə Samirənin arxasında dayanan və onun uğuruna sevinən insanlar indi niyə bir neçə xalın ətrafında bu qədər sərt mövqe tuturlar? Bu sualın cavabı Samirədə yox, cəmiyyətin özündədir. Çünki yaranmış situasiya bir növ Samirə Əfəndiyə qarşı qarayaxma kampaniyasına şərait yaradır.

İnsanlar məsələni araşdırmadan səs-küy yaradır, amma qərarın mahiyyətinə baxmırlar. Onun mövqeyi siyasi deyil, gördüyü performansa peşəkar yanaşmanın nəticəsidir.

Sosial mediada yaranan gərginliyin kökündə başqa bir problem də dayanır: biz fərqli fikirə hələ də alışmamışıq. Fərqli düşünəni dinləmək əvəzinə mübahisəyə girir, bəzən isə aqressiv reaksiya veririk. Bu isə sənətdən çox, cəmiyyətin psixoloji durumunun göstəricisidir.

Samirənin gücü də məhz bundadır: o, sənətə vicdanla yanaşır. Linçdən çəkinmir, qorxmur, çünki musiqinin təməlində dürüstlük dayandığını yaxşı bilir. Bu davranış onun həm özünə, həm də seçdiyi sənətə olan hörmətindən irəli gəlir.

Bu gün Samirə Əfəndi obyektivliyin, peşəkarlığın və etik davranışın necə görünə biləcəyinin canlı nümunəsidir. Onun hər addımı göstərir ki, sənətin məqsədi insanları ayırmaq deyil, bir araya gətirməkdir.

Bəziləri üçün bir neçə bal böyük məsələ ola bilər, amma müzakirələrin altında gizlənən əsas həqiqət başqadır: biz hələ də sənətə münasibətimizi yenidən dəyərləndirməliyik.

Elə buna görə də Samirə Əfəndi bu gün də, sabah da öz mövqeyi və yaradıcılığı ilə seçilən sənətçilərdən biri olaraq qalacaq.

Songfestival Azerbaijan
Songfestival Azerbaijan
Articles: 13