Məşhur İsveçli müğənni, “Avroviziya 2015” qalibi Måns Zelmerlöw-un keçmiş həyat yoldaşı Chiara Nilsson sosial media hesabında münasibətlərinin bitmə səbəbləri ilə bağlı sükutu pozub.
Chiara “Instagram” paylaşımında uzun müddət səssiz qaldığını, lakin artıq həqiqətləri açıqlamağın vacib olduğunu bildirib. O, evliliklərinin sonlanmasına əsas səbəb kimi xəyanət, məişət zorakılığı və müğənninin asılılıqları ilə mübarizə aparmasını göstərib.
“Mən çox uzun müddət keçmiş ərim üçün bəhanələr uydurdum və susdum. Lakin artıq özümü müdafiə etməyin və həqiqəti söyləməyin vaxtıdır. Ailəmin narkomaniyaya, emosional və fiziki zorakılığa, sonsuz xəyanətlərə məruz qalmasına daha göz yuma bilmərəm,” – deyə o vurğulayıb.
Chiara həmçinin, oxşar vəziyyətdə olan insanlara səslənərək onları dəstək axtarmaqdan çəkinməməyə və həyatlarını nəzarət altına almaq üçün cəsarətli addımlar atmağa çağırıb.
O, sonda Måns Zelmerlöw-a gələcək fəaliyyətində uğurlar arzulayıb və müğənninin ehtiyac duyduğu dəstəyi alacağına ümid etdiyini bildirib.