Litva “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçi seçimlərini davam etdirir. Ölkənin milli seçim turu olan “Eurovizija.LT” layihəsinin üçüncü yarımfinal mərhələsi baş tutub və nəticələr artıq açıqlanıb.
Səkkiz ifaçının mübarizə apardığı bu mərhələdə həm peşəkar münsiflər heyətinin rəyi, həm də tamaşaçıların səsverməsi əsas götürülüb. Gərgin keçən səsvermə prosesindən sonra yalnız iki iştirakçı böyük finala vəsiqə qazana bilib. Üçüncü yarımfinalın qalibləri Black Biceps “Let Me Cook” mahnısı ilə və Paulė isə “Sako” bəstəsi ilə ən çox xal toplayaraq rəqiblərini geridə qoyublar.
Bu iki ifaçı daha əvvəlki seçim turlarında uğur qazanmış Rugilė, Noy, Atikin və Vilnius Voices kimi namizədlərlə birlikdə fevralın sonunda keçiriləcək həlledici finalda yarışacaqlar. Hazırkı formata əsasən, qarşıdakı həftələrdə daha iki seçim mərhələsi keçiriləcək və hər birindən ən güclü iki namizəd finalçılar sırasına daxil olacaq.
Litva təmsilçisinin adı fevralın 27-də Vilnüsdə, “Twinsbet Arena”da keçiriləcək final gecəsində bəlli olacaq. Qalib gələn ifaçı may ayında Avstriyanın paytaxtı Vyana şəhərində ölkəsini beynəlxalq səviyyədə təmsil etmək hüququ əldə edəcək.




