Litva 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün öz təmsilçisini seçməyə davam edir.
Fevralın 21-də ölkənin milli seçim turu olan “Eurovizija.LT” layihəsinin 5-ci və sonuncu yarımfinal mərhələsi baş tutub. Səkkiz ifaçının mübarizə apardığı bu gecədə həm münsiflər heyəti, həm də tamaşaçılar öz favoritlərini müəyyənləşdiriblər.
Səsvermənin nəticələrinə əsasən, gecənin qalibi Lolita Zero olub. O, “Salve im meum mundum” adlı mahnısı ilə həm münsiflərdən, həm də tamaşaçılardan maksimum 12 xal (cəmi 24 xal) toplayaraq böyük finala vəsiqə qazanıb. Lolita Zeronun performansı builki seçimlərin ən çox müzakirə olunan və vizual baxımdan fərqlənən çıxışlarından biri kimi yadda qalıb.
Gecənin ikinci uğurlu çıxışı isə Walls of Water qrupuna məxsusdur. Onlar “Unshakable” mahnısı ilə hər iki səsvermə blokunda sabitlik nümayiş etdirərək 10 xal (cəmi 20 xal) qazanıblar və turniri ikinci pillədə başa vuraraq finalın digər birbaşa iştirakçısı olublar.
Üçüncü yeri tutan Jokūbas Jankauskas isə “Shine” mahnısı ilə hər iki tərəfdən 8 xal (cəmi 16 xal) alsa da, birbaşa final şansını əldən verib. Lakin o, əlavə şans mərhələsinə keçərək digər yarımfinalların üçüncüləri ilə sonuncu final yeri uğrunda mübarizə aparmaq şansını qoruyub saxlayıb.
Bu nəticələrlə 5-ci yarımfinalın tamamlanması nəticəsində fevralın 28-də Vilnüsdə keçiriləcək böyük finalın iştirakçı siyahısı demək olar ki, tam formalaşıb. Artıq bütün diqqətlər Litvanın bu il Vyanaya kimi göndərəcəyinə yönəlib.




