Songfestival Azerbaijan

Lion Ceccah: Elnur Hüseynov və onun emosional üslubu unudulmazdır — Litva təmsilçisi ilə yazılı müsahibə!

MƏQALƏNİ PAYLAŞ:

Litvanı bu il Vyanada keçiriləcək Avroviziyada Lion Ceccah “Sólo Quiero Más” adlı mahnısı ilə təmsil edir!

Gəlin onunla daha yaxından tanış olmaq üçün yazılı müsahibəmizə nəzər yetirək:

1. Bu il Avroviziyada Litvanı təmsil etmək sizin üçün nə deməkdir?

Bu mənim üçün çox böyük məna daşıyır, çünki mən təkcə özümü yox, eyni zamanda bütöv bir mədəniyyəti və yaradıcı mühiti təmsil edirəm. Litvada çox sayda unikal və cəsarətli sənətçilər var və mən Avroviziya səhnəsinə fərqli bir şey gətirdiyim üçün qürur duyuram. Mənim üçün bu həm məsuliyyətdir, həm də Avropaya öz bədii baxışımı göstərmək üçün böyük bir fürsətdir.

2. Mahnının hekayəsini və dinləyicilərə vermək istədiyiniz mesajı bizimlə bölüşə bilərsiniz?

Mahnı istək (arzu) hissindən çox geniş və insani bir şəkildə bəhs edir. Bu təkcə sevgi və ya başqa bir insan haqqında deyil, həm də insanın daxilindəki daha çox şey istəmə hissi haqqındadır: daha çox intensivlik, daha çox emosiya, daha çox həqiqət.

Mesaj isə sadədir: arzularından, hisslərindən, hətta həddindən artıq güclü və ya narahat edici görünsə belə qorxma. Çünki həqiqi həyat məhz orada başlayır.

3. Səhnə performansın haqqında kiçik bir ipucu verə bilərsiniz? İzləyiciləri hansı sürprizlər gözləyir?

Çox şey açıqlamaq istəmirəm, amma performans başqa bir dünyaya daxil olmaq kimi hiss etdirəcək. Vizual baxımdan çox güclü, atmosferik və eyni zamanda olduqca intim olacaq.

Fanatlar güclü obrazlar, transformasiya və hər şeyin birdən-birə çox şəxsi bir hala gəldiyi bir an gözləyə bilərlər.

4. Bu il Avroviziyada bəyəndiyiniz digər sənətçilər və ya mahnılar varmı?

Bəli, hər il Avroviziya çox müxtəlif üslubları bir araya gətirir və mən bu vasitə ilə yeni artistlər kəşf etməyi çox sevirəm. Xüsusilə risk edən və təkcə musiqi ilə yox, ümumi konsept və vizuallıqla güclü kimlik yaradan performanslar məni daha çox cəlb edir.

5. Heç Azərbaycan müğənnilərini və ya mahnılarını dinləmisiniz? Əgər bəli, hansıları bəyənirsiniz?

Bəli, Azərbaycanın bəzi Avroviziya çıxışları ilə tanışam. Elnur Hüseynov və onun emosional üslubu yadımda qalıb, həmçinin Aysel Teymurzadə də. Düşünürəm ki, Azərbaycan tez-tez Avroviziyaya çox peşəkar və vizual baxımdan güclü performanslar gətirir və bunu həqiqətən yüksək qiymətləndirirəm.

6. Sizcə, Avroviziyada uğurun ən vacib elementi nədir: mahnı, səhnə performansı, yoxsa emosional bağ?

Məncə ən vacibi emosional bağdır. Çox yaxşı mahnın və təsirli səhnən ola bilər, amma insanlar heç nə hiss etmirsə, bunu xatırlamayacaqlar.

Hər şey — mahnı, vizual elementlər və emosiya — birlikdə işləyəndə performans həqiqətən güclü olur.

7. Musiqi yaradarkən və səhnədə çıxış edərkən sizi ən çox nə motivasiya edir və ilhamlandırır?

Məni ən çox real bir şeyi ifadə etmək ehtiyacı motivasiya edir. Hətta bu narahat və ya çox intensiv olsa belə, onun səmimi olmasını istəyirəm.

Səhnədə isə məni ən çox ilhamlandıran şey transformasiya imkanıdır — bir obraza çevrilmək, bir dünya yaratmaq və bu təcrübəni tamaşaçılarla bölüşməkdir, hətta bu cəmi bir neçə dəqiqə davam etsə belə.

Qeyd edək ki, Litva təmsilçisi bu il birinci yarımfinalın ikinci yarısında səhnəyə çıxacaq.

Ramin İmanov
Ramin İmanov
Articles: 45