Songfestival Azerbaijan

Latviya “Avroviziya 2026” Təmsilçisini Seçdi: Atvara Qalib Oldu!

MƏQALƏNİ PAYLAŞ:

Latviyanın “Supernova 2026” müsabiqəsi 14 fevral tarixində finalı ilə yekunlaşdı. On güclü namizədin mübarizə apardığı gecədə həm musiqi tənqidçiləri, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan Atvara, “Ēnā” adlı sözü və musiqisi özünə aid mahnısı ilə qalib gələrək Latviyanı Avroviziyada təmsil etmək hüququ qazandı.

Atvara müsabiqəyə qatıldığı ilk gündən etibarən mistik və emosional atmosferi, həmçinin minimalist, lakin görüntü olaraq zəngin səhnə şousu ilə fərqlənməyi bacardı. Yarımfinal mərhələsində göstərdiyi vokalı və özünəməxsus tərzi onu qısa müddətdə bukmeykerlərin və fanatların əsas favoritinə çevirdi. 

Müsabiqə boyunca digər iştirakçılardan fərqli olaraq, mahnısını tamamilə Latviya dilində təqdim edən sənətçi, milli kimliyi müasir musiqi elementləri ilə uğurla birləşdirdi. 

Final gecəsində Kautkaili və Emilija kimi iddialı rəqiblərlə qarşılaşmasına baxmayaraq, həm münsif heyətindən, həm də xalq səsverməsindən ən yüksək xalları toplayaraq mütləq dəstək qazandı.

Əsl adı Liene Atvara olan sənətçi, Latviya musiqi dünyasında bəstəkar və ifaçı kimi tanınır. Əvvəlki illərdə də bu platformada şansını sınayan, lakin məhz builki fərqli imici və daxili aləmini əks etdirən bəstəsi ilə zirvəyə çatan Atvara, artıq Vyanada keçiriləcək beynəlxalq müsabiqə üçün Latviyanın ən böyük ümidinə çevrilib. 

Əli Hüseyn
Əli Hüseyn
Articles: 55